Deputat: “Təhsilimizi “5-ci kolon”un nümayəndələrindən qorumalıyıq”
“Qəbuluma gələnlər içərisində seçildiyim dairədə yerləşən Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının keçmiş müəllimi Zinyət Quliyeva da var idi.
Zinyət xanım Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsininin Ərəb dili şöbəsini bitirib və uzun illər həmin Gimnaziyada müəllim işləyib. Xanım müəllimə Gimnaziyanın keçmiş direktoru, hazırda Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdirinin müavini Xəyala Əhmədazadənin qanunsuz hərəkətləri barədə ərizəsini mənə təqdim etdi. Xəyalə Əhmədzadə tanınmış Gimnaziyaya direktor təyin olunan kimi sinif otaqlarında məşğələ keçən müəllimlərdən icarə haqqı toplamağa başlayıb və sonra gimnaziyanın müəllimlərindən birinin evindəki sexdə məktəb forması tikdirib hər il 60 manatdan şagirdlərə satdırıb.
Həmin sexdə müəllimlər üçün də paltarlar tikdirərək məcburi şəkildə onlara satdırıb. Zinyət xanım övladı və özü üçün məcburi satılan geyimin sintetik və yöndəmsiz olmasını və hər il 120 manata gücü çatmadığını onlara bildirib. Bundan sonra direktor və onun yaxın adamı olan müavini Tural Mahmudovla (bu adamı özü ilə Bakı şəhəri üzrə təhsil idarəsində vəzifəyə aparıb və xarici səfərlər də daxil olmaqla başda əyləşdirirlər) birləşərək müəlliməni təhqir ediblər. Onu Əmək məcəlləsinin 70 "ç" bəndi ilə işdən azad ediblər”.
Bu barədə deputat Etibar Əliyev məlumat verib.
“Ölkə təhsilini viran qoyan adamlar yaxşı təhsil mühiti olan bir gimnaziyanı da bazara çevirdilər. Və bunu bacarana böyük vəzifə verdilər. İndi diqqət edək: himayəsində iki azyaşlı uşaq olan bir xanım bunlara haqq vermədiyinə görə cəzalandırılıb. Xanım müəllimənin döymədiyi qapı qalmayıb. Nazirliyin başbilənləri bu şikayətlərə baxmır, çünki böyük vəzifə verdikləri xanım onların şəbəkəsinin üzvüdür.
Ənənəsi olan bir Gimnaziyaya savadsız və təsadüfi birisinin direktor təyin olunması onunla hesablaşmayanlara divan tutulması ilə nəticələndi və həmin prosedur indi bütün Bakı məktəblərinə və baxçalarına tətbiq edilir. Hələlik onun qatı açılmayan əməllərindən birini qeyd etdim. Təhsilimizi “5-ci kolon”un nümayəndələrindən qoruyaq! Şəbəkə üzvlərinin təhsil mühitini və ənənəsini dağıtdıqları digər təhsil ocağı "Zəngi" liseyidir…” – E.Əliyev qeyd edib.
Bu xəbər üçün şərh yazın