Deputatlardan “Topaz” üçün ÖLÜM HÖKMÜ: -

Deputatlardan “Topaz” üçün ÖLÜM HÖKMÜ: - “İnsanları tora salaraq milyonlar qazanırlar”

“Topaz”da külli miqdarda vəsait uduzan, borca düşən, nəticədə evini satmağa məcbur olan adamlar var”.

Azərbaycanda hələ sovet dövründə geniş yayılmış mərc oyunları, xüsusilə, futbol proqnozlarının qəbulu müstəqillik dönəmində öz miqyasını genişləndirməklə yanaşı, son texnoloji nailiyyətlər sayəsində insanların şüuruna təsir imkanlarını da maksimum artırıb. O baxımdan, fəaliyyətlərini sistemləşdirən leqal mərc şirkətləri tək bizdə deyil, bütün ölkələrdə öz bazarlarını möhkəmləndirməkdədirlər.

Azərbaycanda bu sahədə uzun müddət nizamsızlıq hökm sürsə də, dövlətin müdaxiləsi sayəsində mərc oyunlarının qanunsuz dövriyyəsi əhəmiyyətli dərəcədə azaldı. Qlobal trendə ayaq uydurulması nəticəsində isə mərc oyunlarının leqallaşdırılılmasına qərar verildi.

Bu məqsədlə yaradılan “Topaz” şirkəti guya mərc oyunları həvəskarlarının qazanmaq ehtirasını “nizamlayacaq”, xarici bukmeker şirkətlərinə axan milyonlarla vəsaitin ölkədə qalmasını təmin edəcəkdi.

Ancaq “Topaz” fəaliyyətə başlar-başlamaz, onunla bağlı yaranan və durmadan artan şikayətlərin, hətta ittihamların ardı-arası kəsilmir. Bu şikayətlərə proqnoz əmsallarının xarici bukmekerlərlə müqayisədə aşağı olması, nəticəsi nisbətən asan proqnozlaşdırılan matçların siyahıya daxil edilməməsi və başqa detallar daxildir.

İttihamlara gəldikdə isə, “Topaz”ın külli miqdarda vergidən yayınmasına dair materiallar zaman-zaman mediada işıq üzü görür. Yəni “Topaz”ın sadalanan cəhətləri ucbatından mərc həvəskarları yenə də müxtəlif üsullar taparaq, xarici bukmekerlərin xidmətindən istifadə etməyə çalışır.

Ancaq əlbəttə ki, mərc oyunları, o cümlədən, “Topaz”ın fəaliyyəti sadəcə, “Oyna, qazan” həvəsi ilə məhdudlaşmır. Çox acınacaqlıdır ki, insanların əziyyətsiz qazanc ehtirası çox vaxt onları sözün tam mənasında məhvə sürükləyir. “Topaz”la oynayıb qazanmaq ehtirasının kor etdiyi insanların bəzən evlərini sataraq qumarda uduzduqları, ailələrini quru yurdda qoyduqları, hətta buna görə peşmanlıq keçirərək intihara əl atdıqlarına dair faktlar mövcuddur.

Ona görə də, insanların bu “qazandıran bəla”dan xilas olmaları üçün mərc oyunlarının qanunla qadağan edilməsinə yönəlik çağırışlar gündən-günə çoxalır. Əlamətdar haldır ki, artıq deputatlar da xalqın “Topaz” epidemiyasından xilası üçün həyəcan təbili çalırlar.

Bu barədə fikir bildirən millət vəkili Fazil Mustafa hesab edir ki, adamları mərc oyunlarından çəkindirməyin əsas yolu təbliğatdan keçir:

“Qumarın bütün növlərinin tətbiq olunmasının əleyhinəyəm. Əgər belə yerləri qapadacaqsansa, o zaman pullar başqa ölkələrə gedəcək. Ona görə də, bunu sadəcə, nəzarətə götürmək lazımdır.

Qumar oyunları yüzlərlə imkanlı adamın evini yıxır. İndi də bu pis vərdiş idman oyunları üzərindən gerçəkləşir və bundan da milyonlar qazanılır. Anlayışı bir az zəif olan insanlar da bu tora düşürlər.

Bunun qarşısını almaq üçün ancaq təbliğat aparılmalıdır. İnsanlar bilməlidir ki, bu yolla qazanılan hər hansı bir çörəyin bərəkəti olmaz. Başqa cür onun qabağını almaq çətindir”.

Deputat Tahir Rzayev isə məsələni daha konkret şəkildə qoyaraq, ölkənin yeganə qanuni mərc şirkətinin qadağan olunmasını təklif edir:

“Fikrimcə, “Topaz”a da qadağa qoyulmalıdır. “Topaz”da külli miqdarda vəsait uduzan, borca düşən, nəticədə evini satmağa məcbur olan adamlar var. Mərc oyunlarının heç birini düzgün qəbul etmirəm”.

Mərc oyunlarını xalqın mənəviyyatına qəsd adlandıran Tahir Kərimli də bu kimi hallara son qoyulmasının tərəfdarıdır:

“Mən belə mərc oyunları və lotereyaları pərdələnmiş qumar sistemi hesab edirəm. Xalqın mənəviyyatına qarşı yönəlmiş haldır”.

Deputat Elman Məmmədovun sözlərinə görə, mərc oyunlarının adından asılı olmayaraq, bu sistem kimlərəsə böyük pullar qazandırır:

“Kimlərsə hansısa fırıldaq yollarla bunun adını dəyişib, buna rəhbərlik edib və pul qazanırlar”. //yenicag.az/ 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi