Dərsliklərdəki səhvi niyə ictimaiyyət, KİV tapmalıdır?

Dərsliklərdəki səhvi niyə ictimaiyyət, KİV tapmalıdır? 

Orta məktəb şagirdləri üçün nəzərdə tutulan tarix dərsliklərində son dövrlər nöqsanların sayı artıb. Məsələn, 7-ci sinif “Tarix” kitabında Səccadilər dövləti barədə məlumatlarda natamamlıq var.

Dərslikdə dövlətin banisi və onun kimliyi barədə heç bir məlumat verilməyib. Dərsliklərdə məlumatların məzmuna uyğun olmadan qısaldılması şagirdləri çaşbaş salır.

Bu barədə Axar.az-a açıqlama verən təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, problem təkcə tarix dərsliklərində deyil, bütövlükdə dərsliklərlə bağlı ciddi problemlər var:

“Problem ilk növbədə elmiliyin olmamasındadır. Dərsliklər şagirdləri yoran məlumatlarla doludur. Halbuki dövlət standartlarında konkret göstərilib ki, yalnız məlumatyönümlü olan informasiyaların dərsliklərdə yerləşdirilməsinə yol verilməməlidir. Bu məlumatların çox vaxt səhv verildiyinə şahid oluruq. Adətən dərsliklərin müəlliflərini tənqid edirik. Halbuki Təhsil Nazirliyində hər bir fənn üzrə hazrılanan dərsliklərə Rəy Komissiyası baxır. Təəssüf ki, bu komissiya düzgün formalaşdırılmayıb. Bir çox hallarda da formal xarakter daşıyır”.

Ekspert qeyd edib ki, hər bir dərslik ən azı 100 min tirajla çap olunur:

“Dərslik çap olunandan sonra ictimaiyyət nümayəndələri nöqsanları aşkara çıxarırlar. Necə ola bilər ki, bu qədər dövlət vəsaiti xərclənən dərsliklərdəki səhvləri, Rəy Komissiyası ola-ola, ictimaiyyət və ya KİV tapır? İlk növbədə TN dərsliklərin qiymətləndirilməsi ilə bağlı monitorinqlərini genişləndirməlidir. Yerlərdə fənn müəllimlərinin fikirləri alınmalıdır”.

Onun sözlərinə görə, hər bir rayonda istənilən fənn üzrə kifayət qədər peşəkar müəllimlər var:

“Bu müəllimlərin fikirlərini yazılı şəkildə almaq lazımdır. E-dərslik portalında dərsliyi ictimai müzakirəyə çıxarmaqdan heç də bütün müəllimlər istifadə etmirlər. Rəy Komissiyası müəllimlərin fikirlərini dinləməlidir. Keçirilən tenderlər peşəkarlar üzərində qurulmalıdır. Dərsliyin yazılmasına 4 ay, müzakirəsinə 2 ay vaxt verilir. Bu vaxt fərqi bir-birinə tərs-mütənasibdir və azdır. Bir dərsliyin hazırlanmasına və müzakirəsinə ayrılıqda ən azı 6 ay vaxt verilməlidir. Doğru-düzgün sistemli işlər görülərsə, bu nöqsanlar da aradan qalxar”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi