Dilimizin inkişaf etdirilməsi istiqamətində qazanılmış uğurlar Ümummilli Liderimizin yürütdüyü müdrik, uzaqgörən siyasətin nəticəsidir

Dilimizin inkişaf etdirilməsi istiqamətində qazanılmış uğurlar Ümummilli Liderimizin yürütdüyü müdrik, uzaqgörən siyasətin nəticəsidir 

Tarixən hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər olmuşdur.

 Bu mənada Ulu Öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli Lider zirvəsinə yüksəltmişdir. Ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. Çünki ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək olmuşdur.

 

1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdir. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Ötən əsrin 70-ci illərin ortalarından başlayaraq milli dillərin sıxışdırılması tədricən gücləndirilirdi. O vaxt “Vahid sovet xalqı”, “vahid dil” siyasəti nəinki geniş təbliğ olunur, hətta güclü şəkildə tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdi.

Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu Öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq Ana dilində oxumaq imkanı ilə təmin olunur. SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq müzakirəsinə verildi.1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olmuşdur. Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev çıxışlarında qeyd etmişdir ki, “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”. Uzaqgörənliyi ilə hər zaman siyasətçiləri təəccübləndirən Heydər Əliyev burada da öz dərin ağlı və iradəsi hesabına ana dilinin qorunmasına nail oldu.

İndi Azərbaycan dili ölkəmizdə hakim olan dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər. Bu dili öyrənmək və bu dildə danışmaq istəyirlər. Bu hal çox sevindiricidir. Eyni zamanda, müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin öz ana dilinə olan sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”

Bu gün hər bir azərbaycanlı fəxr edir ki, məhz o, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır, dili isə öz zənginliyi ilə dünyaya meydan oxuyan Azərbaycan dilidir. Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin siyasəti Azərbaycanda Ana dilinin - Ümumxalq dilinin tərəqqisi üçün tarixi şərait yaratmışdır. Xalq olaraq həmin siyasətin uzun illər uğurla davam edəcəyinə əminik.

 Səmra Əhmədova,

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Dilimizin inkişaf etdirilməsi istiqamətində qazanılmış uğurlar Ümummilli Liderimizin yürütdüyü müdrik, uzaqgörən siyasətin nəticəsidir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi