DİM Azərbaycan dili fənni üzrə yenidən imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 12-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yenidən imtahan keçiriləcək.
DİM-dən APA.az-a verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat 29 iyul – 2 avqust tarixlərində aparılacaq.
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin daha əvvəl keçirilən imtahanlarda qeyri-məqbul qiymət alan abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən onların da qəbul (o cümlədən qabiliyyət) imtahanlarında iştirakına şərait yaradılacaq.
Həmin abituriyentlər qəbul imtahanlarından sonra Azərbaycan dili (dövlət dili kimi) imtahanını verəcəklər. Abituriyentlər nəzərə almalıdırlar ki, imtahanlarda neçə bal toplamaqlarından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə buraxılırlar.
Avqustda keçiriləcək Azərbaycan dili (dövlət dili kimi) imtahanında ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən daha əvvəl keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər buraxılırlar.
Bu xəbər üçün şərh yazın