DÖVLƏT GÖMRÜK KOMİTƏSİ AQRAR SEKTORDA GERİLƏMƏNİ NİYƏ GİZLƏDİR? - Araşdırma
Statistika Komitəsi, Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi saxta rəqəmlərlə kimi aldatmağa çalışır?
Saxta statistika, yalançı rəqəmlərlə Azərbaycanda real bazar münasibətləri, əhalinin yaşam tərzi arasında ciddi fərqlər var. Uzun illərdir ki, Azərbaycanda hər kəs çox gözəl anlayır ki, rəsmi olaraq açıqlanan statistik məlumatlar real vəziyyəti ifadə etmir.
İndi bütün dünya Rusiya-Ukrayna savaşı fonunda yaşana biləcək ərzaq böhranı ilə bağlı narahatlıqlar ifadə edir. Çox maraqlıdır ki, Azərbaycanda əsas ərzaq təminatı ilə bağlı gözlənilən vəziyyət rəsmi müzakirə edilmir.
Məsələ burasındadır ki, Azərbaycan rəsmilərinin verdikləri açıqlamalar da reallıqdan kifayət qədər uzaqdır. Məsələn, ət idxalı ilə bağlı, kartof idxal-ixracatı, günəbaxan yağları, kərə yağı və sair məhsullarla bağlı olaraq açıqlanan rəsmi statistikada ciddi saxtakarlıqlara yol verilir.
Bəzən hətta ortaya elə bir mənzərə çıxır ki, Azərbaycanda yerli ərzaq istehsalını tam olaraq ödəyə bildiyi təsəvvürü də yaranır. Lakin ortada olan reallıqlardan da görünür ki, istehsal və tədarükə cavabdeh olan bir neçə qurum bir birini ya təkzib edir, ya da bir-birinə saxta statistika ilə dəstək verməyə çalışır.
Məsələn, Dövlət Gömrük Komitəsi bu sahədə daha çox saxtakarlıqla məşğul olur.
DGK 2021 ci ilin yanvar-fevral aylarında, yəni iki ay ərzində buğda idxalının miqdarını 22 290.00 ton, statistik dəyərini 5 650.13 min ABŞ dolları göstərdiyi halda, həmin ilin yalnız yanvar ayında, yəni 1 ay ərzində idxal edilən buğdanın miqdarını sonrakı iki ayın cəmi göstəricisindən 913.54 ton çox (23 203.54 ton), statistik dəyərini isə 250.46 min dollar çox (5 900.59 min ABŞ dolları) göstərib.
O zaman ortaya sual çıxır necə ola bilər ki, yalnız yanvar ayında ölkəyə 23 203.54 ton, yanvar-feral aylarında isə 22 290.00 ton buğda idxal edilsin?! Dövlət Gömrük Komitəsi buğda idxalı ilə bağlı statistik məlumatları təhrif etməklə kimlərə xidmət edir?
Əslində isə bu ilk fakt deyil, bu günə qədər bir neçə dəfə rəsmi olaraq açıqlanan rəqəmlərdə Dövlət Statistika Komitəsi də dəfələrlə istehsal, idxal göstəriciləri ilə manipulyasiya etməklə kənd təsərrüfatındakı geriləmələri ört-basır etməyə çalışıb.
Məsələn Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda adambaşına 265 kiloqram dənli (çəltik istisna olmaqla) və dənli paxlalılar istehlak edilir. Bu göstərici Belarusda 76, Qazaxıstanda 96, Moldovada 141 kiloqram təşkil edir. Təsəvvür edin, azərbaycanlılar qazaxlara nisbətən 2,7 dəfə çox, belaruslara nisbətən 3,4 dəfə çox dənli (çəltik istisna olmaqla) və dənli paxlalılar istehlak edir. İnandırıcı deyil! Təsəvür edin, Azərbaycanda adambaşına 186 kiloqram buğda istehsal olunur, 150 kiloqram da idxal edilir. Adambaşına 330 kiloqram buğda düşür.
Dünya fəlakətlə üz-üzə qalıb
Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru bildirib ki, Ukraynadakı hərbi münaqişənin nəticələrinə görə yaxın gələcəkdə dünya ərzaq qiymətləri 8-22 faiz arta bilər. FAO Ukraynada 2022-23-cü kənd təsərrüfatı ilində yazlıq dənli bitkilərinin sahələrinin 20-30 faizinin əkilməmiş və bir o qədər də payızlıq taxılın biçilməmiş qalacağını proqnoz verib.
FAO-nun Baş direktoru onu da bildirib ki, hazırkı münaqişə həm Rusiya, həm də Ukraynadan buğda ixracının qəfil və kəskin şəkildə azalmasına səbəb ola bilər. Digər ixracatçıların bu boşluğu doldura biləcəkləri hələlik bəlli deyil. O, hesab edirki, Kanadada buğda ehtiyatları artıq tükənmək üzrədir və hökumətlərin cəhd etdiyi kimi ABŞ, Argentina və digər ölkələrdən ixracın məhdudlaşdırılması ehtimalı var. FAO-nun Baş direktorun sözlərinə görə, münaqişədə iştirak edən hər iki ölkədən taxılın 30 faizindən çoxunu alan ölkələrin ən azı yarısı ərzaq problemi ilə üzləşəcək. Əsasən bunlar Asiya, Afrika və Yaxın Şərq dövlətləridir ki, onların çoxunda artıq aşağı gəlir səviyyəsi var və bütün əlamətlərə görə inkişaf etməkdə olan ölkələr kimi təsnif edilə bilər. FAO-nun məlumatına görə, dünyada kifayət qədər qidalanmayan insanların ümumi sayı bu il və gələn il ən azı səkkiz milyon nəfər arta bilər. Bununla əlaqədar olaraq təşkilat kənd təsərrüfatı məhsulları və ərzaq tədarük edən böyük ölkələrdən ixraca məhdudiyyətlər qoymamağı və ya ləğv etməyi xahiş edir.
Keçən həftənin ortalarında Avropa və Amerika qitələrinin birjalarında buğda kotirovkalarının trendində dəyişiklik baş verdi. Buğda müqavilələri azalmağa doğru getdi. Həmin ərəfədə Londonda buğdanın qiyməti 1,5%, Parisdə 6%, Çikaqoda isə 5,2% ucuzlaşdı. Lakin taxıl birjalarında qiymətlərin enməsi dövrü qısamüddətli oldu. Bir günlük enişdən sonra Londonda buğdanın qiymətləri 0,5%, Parisdə 1,2%, Çikaqoda isə 0,8% bahalaşdı.
Azərbaycan üçün alternativ bazar varmı?
İndi çoxlarını düşündürən əsas məqamlardan biri də budur ki, Rusiya və Ukrayna bazarları itirləcəyi təqdirdə Azərbaycan ölkədə ərzaq buğdasına olan ehtiyacını hansı mənbələr hesabına ödəyəcək?
Bir neçə gün öncə Hindistan 30 əsas buğda idxalçısı olan ölkələrə müraciət edib. Çox maraqlıdır ki, bu ölkələr arasında Azərbaycan da var. Lakin Hindistanın dünya bazarına ixrac edə biləcəyi ərzaq buğdasının həcmi o qədər də çox deyil. Hindistan öz yerli əhalisinin istehlakını ödəmək üçün tədarük etdiyi buğdanın hamısını satışa çıxara bilməz. Rəsmi məlumatlara əsasən Hindistanın 2022-2023-cü illərdə (2022-ci ilin aprelindən -2023-cü ilin martınadək) rekord həddə - 111 milyon ton buğda istehsal edəcəyi gözlənilir ki, bu da, bu illə müqayisədə təxminən 2 milyon ton çoxdur.
Hansı ki, bu ölkənin yerli əhalisinin sayına görə istehlakı tədarük etdiyi buğdanın 90 faizinə yəni 100 milyon tonuna güclə bəs edir. Yəni Hindistan ən yaxşı halda dünyaya 11 milyon ton buğda təklif edə bilər. Nəticə etibarilə də bu bazarın Azərbaycan üçün nə qədər əlverişli olduğunu iddia etmək kifayət qədər çətindir.
Digər alternativ bazar isə Qazaxıstan hesab edilir. Azərbaycanın alternativ bazar olaraq Qazaxıstandan buğda idxal edə biləcəyi indi ən optimal variant olaraq müzakirə edilir. Lakin təəssüf ki, Qazaxıstan bazarından idxalla bağlı həcmi artırmaq da çətindir.
Çünki Qazaxıstan bir neçə ölkə ilə uzunmüddətli taxıl ixracatına dair müqavilə imzalayıb. Bu müqavilədə ümumi ixracatın, yəni 5 milyon tonun 4 milyonu artıq satılıb. Yerdə qalan 1 milyon ton üçünsə nə qədər təklifin olduğu kifayət qədər müəmmalıdır. Yəni Azərbaycan Qazaxıstandan buğda idxal edənlər sıyahısına düşə biləcəkmi? Bu da sual doğurur.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda ərzaq buğdası ilə bağlı rəsmi statistikanı reallaşdırmaq lazımdır. İstər yerli tədarük, istərsə də idxalla bağlı saxta məlumatlar heç bir halda yaxında gözlənilən ərzaq böhranından bizi sığortalamayacaq. Daha real rəqəmlər və real mənzərə yaradaraq, çıxış yolları düşünmək lazımdır.
Yeri gəlmişkən onu da qeyd edək ki, dünən Ukrayna prezidenti Volodimir Zelenski Qətərdə keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı bu barədə danışıb. Zelinski deyib ki, növbəti mövsüm üçün dünya ciddi ərzaq böhranı ilə üzləşəcək. Xüsusilə də İslam dövlətləri, ərzaq buğdası idxal edən bir çox dövlətlər müharibə səbəbindən 100 faiz idxal etdikləri ərzaq buğdasını tapmaqda ciddi çətinliklərlə üzləşəcəklər./Hurriyyet.az
Bu xəbər üçün şərh yazın