Dövlətdən 14 milyon alan 10 manatlıq şirkət ləğv olundu
"Bir il əvvəl 14 milyon manat dövlət vəsaiti alan İT şirkət artıq ləğv olunduğunu elan edib".
Bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
"Ötən il Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) qurumu Bakı şəhəri və ətraf ərazilərdə telefonlaşma və internetin inkişafı üçün DG TELEKOM şirkətinə 14 milyon 221,7 min manat ödəmişdi.
O zaman heç kimin tanımadığı, yenicə yaranan bir İT şirkətin tenderdə necə qalib olması ilə bağlı müzakirələr də olmuşdu.
Şirkət 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzillə GPON texnologiyasının tətbiqi ilə bağlı işləri icra etməliydi.
Layihənin icrası ilə bağlı indiyədək hər hansı hesabat verilməyib, görüşlər, müzakirələr təşkil olunmayıb. Nə dərəcədə səmərəli olmasını müəyyən etmək üçün hər hansı qiymətləndirmə və monitorinq nəticələri açıqlanmayıb. Vətəndaş cəmiyyəti bu prosesə cəlb edilməyib. Lakin mətbuatda çıxan bir elandan belə qənaətə gəlmək olar ki , Baktelecom və DG TELEKOM artıq işlərini bitiriblər. Belə ki, DG TELEKOM 20 iyul 2020-ci il tarixdə bu şirkətin ləğv edilməsi haqqında məlumat yayıb. Dünyada bu cür ildırım sürətli şirkət yaratma, vəsait əldə emə və ləğvetmə nümunəsinə rast gəlinməyib.
Görəsən bu cür tələskənliyə ehtiyac vardımı?
Ümumiyyətlə, Layihə qarşıda qoyulan məqsədlərə çatıbmı?
Səmərəsi və faydası nədən ibarət olub?
Bu layihənin internetə əlçatımlığa, internetin keyfiyyətinə və qiymətinə təsirləri necə olacaq?
Qurulan şəbəkə nə dərəcədə dayanıqlıdır, audit olunubmu, aidiyyatı qurumlar prosesdə iştirak edibmi?
Ekspert qeyd edib ki, bu kimi suallara aydınlıq gətirilməlidir.
Son olaraq Osman Gündüz ümid edir ki, NRYTN ölkə üçün mühüm əhəmiyyət kəsb edən və internetin inkişafı ilə bağlı 14 milyonluq bir layihənin icrasının yekunu haqqında maraqlı tərəflərin içtirakı ilə bir görüş keçirib yekun hesabatı təqdim edəcək."
Xatırladaq ki, "DG Telekom" MMC 2017-ci ilin sentyabr ayında 10 manat kapitalla yaradılıb. Şirkətin direktoru Elmar Şahmuradovdur. Daha əvvəl bu şirkətin hansı işlər gördüyü bilinmir.
Bu xəbər üçün şərh yazın