Dövlətin milyonları necə mənimsənilir?-Hüquqşünas Əkrəm Həsənov təklif edir ki, "Turanbank" da yoxlamalar aparılsın

Dövlətin milyonları necə mənimsənilir?-Hüquqşünas Əkrəm Həsənov təklif edir ki, "Turanbank" da yoxlamalar aparılsın 

Azərbaycanda dövlətə məxsus "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) QSC-dən ayrılan 100 milyon manatdan artıq güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə olunmadığı iddiası ətrafında aparılan istintaq geniş rezonans doğurub.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində "Şurabad quşçuluq" MMC-nin direktoru Fuad Süleymanov, "Şurabad broyler"in direktoru Tofiq Musayev, "Salyansüd" MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olmaqda şübhəli bilinən Faiq Rüstəmov, Süleyman İsmayılov, Yaşar Qurbanov saxlanılıb.

İstintaqın ilkin versiyasına görə, onlar kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə "Aqrarkredit" QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit əldə etsələr də, həmin vəsaitləri təyinatı üzrə istifadə etməyərək şəxsi ehtiyaclara yönəndiriblər. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq çərçivəsində "Aqrarkredit" QSC-nin 2001-2025-ci illərdə rəhbəri olmuş, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti postunu tutan Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarına əsasən, həbs edilən şəxslərin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdikləri iddia olunur.

Məsələ ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, belə hallarda hüquqi qiymətləndirmə ilk növbədə kredit vəsaitinin hansı üsulla əldə edilməsindən asılıdır.

Onun sözlərinə görə, əsas məsələ kreditin sonradan necə xərclənməsi deyil, hansı hüquqi əsaslarla əldə edilməsidir:

"Əgər güzəştli kredit saxta sənədlər, yalan məlumatlar və ya dövlət qurumunu aldatmaq yolu ilə alınıbsa, artıq dələduzluq əlamətləri yarana bilər. Yox, əgər kredit qanuni əsaslarla rəsmiləşdirilib, lakin sonradan müqavilə şərtləri və ya təyinat pozulubsa, hüquqi qiymətləndirmə işin konkret hallarından asılı olacaq. Belə hallarda söhbət təkcə dələduzluqdan getmir. İstintaq mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və ya digər cinayət tərkiblərinin olub-olmadığını da araşdırır. Hər bir iş üzrə hüquqi tövsif yalnız toplanmış sübutlar əsasında müəyyən edilir".

Ə.Nuriyev hesab edir ki, bu kimi halların yaranmasının əsas səbəbi qanunvericiliyin yetərsizliyi deyil, mövcud nəzarət mexanizmlərinin effektiv işləməməsidir:

"Azərbaycan qanunvericiliyində dövlət vəsaitlərinin qorunması, maliyyə intizamı və bu sahədə məsuliyyət kifayət qədər geniş tənzimlənib. Məncə, əsas məsələ icra mexanizmləridir. Dövlət güzəştli kredit ayırarkən risklərin qiymətləndirilməsi, kreditdən sonrakı monitorinq və vəsaitin faktiki təyinat üzrə istifadə olunmasına nəzarət daha çevik və rəqəmsal əsasda qurulmalıdır. Dövlət vəsaitinin ayrılması qədər onun necə xərcləndiyinə nəzarət də vacibdir. Əgər nəzarət zəifləyirsə, sui-istifadə riski də artır".

Hüquqşünasın sözlərinə görə, təqsir məhkəmə tərəfindən sübuta yetirilərsə, təqsirləndirilən şəxslər barəsində tətbiq olunacaq hüquqi nəticələr işin hüquqi tövsifindən asılı olacaq:

"Əgər şəxsin təqsiri məhkəmə tərəfindən sübuta yetirilərsə, Cinayət Məcəlləsinin tətbiq olunan maddəsinə uyğun olaraq azadlıqdan məhrumetmə, vurulmuş ziyanın ödənilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi, eləcə də müəyyən hallarda müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə kimi hüquqi nəticələr yarana bilər".

Ə.Nuriyev onu da əlavə edib ki, ümumilikdə isə bu cür işlər yalnız ayrı-ayrı şəxslərin məsuliyyəti ilə məhdudlaşmamalıdır:

"Hər belə cinayət işi dövlət dəstəyi mexanizmlərinin nə dərəcədə səmərəli işlədiyini də göstərir. Əgər araşdırma nəticəsində sistem xarakterli nöqsanlar üzə çıxarsa, onların aradan qaldırılması gələcəkdə oxşar halların qarşısının alınması baxımından ən az cinayət məsuliyyəti qədər əhəmiyyətlidir. Hüquqi dövlət üçün əsas məqsəd təkcə cəzalandırmaq deyil, belə halların təkrarlanmasına imkan verməyən idarəetmə mexanizmləri formalaşdırmaqdır".

Hüquqşünas - vəkil Əkrəm Həsənov da məsələyə münasibət bildirib:

"İllərdir ki, Elman Rüstəmovun dostu olan Məmməd Musayevin mənfi fəaliyyəti haqda yazıram. Bank sistemimizin ağası elə bu iki nəfər idi. Rüstəmov 4 il əvvəl getdi, amma "Bank Mamed" daha dayanıqlı idi. O, nəinki dövlətə məxsus “Aqrarkredit”in rəhbəri idi və Sahibkarlar Konfederasiyasının prezidentidir, həmçinin "Turanbank"ın da faktiki sahibi kimi tanınır. Bu həmin "Turanbank"dır ki, bir ildən çoxdur ki, hüquqlarını müdafiə etdiyim şəxsin oradakı əmanətini ala bilmirik. Bu barədə də dəfələrlə yazmışam: bank deyir ki, guya əmanəti qaytarıb, amma heç bir təsdiqedici sənədi yoxdur. Belə də bank olar? Son illər ərzində bank sisteminin, əmanətlərin təminatlı olmasının nüfuzuna bu bank kimi zərər vuran olmamışdı. Təklif edirəm ki, bu bankda da yoxlamalar aparılsın. Ekspert kimi pulsuz dəstək olmağa hazıram. Əmanəti qaytardığını sübut edə bilməyən bankda yəqin ki, bundan da böyük pozuntular var. “Aqrarkredit”lə də münasibətləri təftiş etmək lazımdır..."

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi