Düşmən döyüş mövqelərini ataraq geri çəkilib - Müdafiə Nazirliyi
Ötən gün və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.
Bu barədə Report.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir. Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib.
Bu xəbər üçün şərh yazın