Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edib 

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə yerində baxılaraq təmin olunması məqsədilə bölgələrdə səyyar qəbulların keçirilməsi vətəndaş məmnunluğu doğurur.

Ədliyyə Nazirliyi tərəfindən növbəti qəbul oktyabrın 20-də Şəki şəhərində Şəki, Qax və Oğuz rayonlarından olan vətəndaşlar üçün təşkil edilib.

Ədliyyə naziri Fikrət Məmmədov əvvəlcə bu il 100 illiyini geniş qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin Şəki şəhərində abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə dərin ehtiramını bildirib.

Şəki regional ədliyyə idarəsində keçirilən qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Əvvəllər qəbulda olmuş vətəndaşlar müraciətlərinə baxılaraq təmin olunmasına, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Yerlərdə mütəmadi qəbulların təşkili bölgə sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

Səfər çərçivəsində nazir həmçinin, yerli ədliyyə orqanlarına və Şəki Məhkəmə Kompleksinə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

20 oktyabr – Zəngilan şəhəri gününə təsadüf edən tədbirlər zamanı nazir xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfər günlərini qeyd etdiyini, lokal xarakterli antiterror tədbirləri nəticəsində separatizm yuvasından azad edilən Xankəndi və digər şəhərlərimizdə dövlət başçısı tərəfindən üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb.

Bu müqəddəs missiyanın Ulu Öndər Heydər Əliyevin yubiley ilində, Ümummilli Liderin siyasi varisi cənab İlham Əliyevin prezident seçilməsinin iyirminci ildönümündə həyata keçirildiyi xüsusi qeyd olunaraq ötən 20 ildə dövlət başçısının ölkəmizin hərtərəfli tərəqqisi və xalqımızın rifahı naminə müstəsna xidmətlərindən, qazanılan möhtəşəm nailiyyətlərdən bəhs edilib.

Tədbirlərdə bu gün özünün qüdrətli dövrünü yaşayan Azərbaycan dövlətinin ölkə Prezidentinin rəhbərliyi ilə bundan sonra da hərtərəfli inkişaf edəcəyinə, dövlət başçısının ətrafında dəmir yumruq kimi sıx birləşən müzəffər xalqımızın yeni-yeni uğurlar qazanacağına əminlik ifadə olunub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi