“Əhali təşvişdədir, hökumət nümayəndələri aydınlıq gətirməlidir” - Vahid Əhmədovdan müraciət
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda nəzərdə tutulan müddəti bu gün başa çatır. Bu isə o deməkdir ki, qanuna əsasən, martın 1-dən etibarən yenidən yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq.
Əmanətçilər narahatlıq içərisindədir, Əmanətlərin Sığortalanması Fondu, hökumət isə susur.
Bu barədə Modern.az-a danışan Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasının üzvlərinə, rəsmilərə müraciət edib:
“Bizə çoxsaylı müraciətlər daxil olur. Əhali təşviş içərisindədir, narahatlıq keçirənlər var. Ona görə də Fond, yaxud Şura üzvləri, hökumət nümayəndələri çıxıb məsələyə aydınlıq gətirməlidirlər”.
V.Əhmədov qeyd edib ki, hazırda Milli Məclis fəaliyyət göstərmədiyindən hansısa qanuna dəyişiklik etmək, hansısa qanun qəbul etmək səlahiyyəti yoxdur:
“Ona görə də rəsmilər bu məsələyə müdaxilə etməldilər. Ən azından parlament fəaliyyətə başlayanadək əhaliyə sakitəşdirici bir məlumat verilməlidir.
Əks halda insanlar panikaya düşüb əmanətlərini sürətlə geri çəkəcək. Bu isə onsuz da pis vəziyyətdə olan bank sistemini çökdürə bilər. Əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin olmadığından manatda olan əmanətlərini geri çəkib dollara çevirə bilər. Ona görə də əhaliyə tez bir zamanda məlumat verilməlidir.
Əmanətlərin tam sığortalanması müddəti uzadılacaqmı, uzadılmayacaqmı buna mütləq aydınlıq gətirilməlidir”.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minmiş və müddət 2019-cu ildə yenidən 1 il uzadılmışdı.
2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanırdı və tam kompensasiya olunurdu. “Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra (4 Mart 2016-cı ildən) banklarda qəbul edilən tam sığortalanmasına başlanılıb. Həmçinin əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla. Bu şərtlər çərçivəsində, 4 Mart 2016-cı il - 4 Mart 2020-ci il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalıdır. Yəni, əmanət 50 min, 150 min, 300 min manat və s. olmasından asılı olmayaraq tam sığortalanır və bank müflis olduğu halda kompensasiya olunacaq.
Bu xəbər üçün şərh yazın