Əhalinin borclanma səviyyəsi artıb: - SƏBƏB NƏDİR?
Azərbaycanda əhalinin borclanma səviyyəsi artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. Belə ki, cari ilin ilk rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib.
Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri və rəqəmsallaşma olub. Bununla yanaşı, əhalinin banklara borclanma səviyyəsinin 42 faizdən, 54 faizə qədər artdığı da bildirilib.
Bəs vətəndaşların borclanma səviyyəsinin artımasının digər amilləri nələrdir?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bunun əsas səbəbi inflyasiyadır:
“Çünki ölkədə inflyasiya gedir və qiymət artımı baş verib. Bizdə banklar krediti daha çox manatla verir, manatın dəyərində isə eniş müşahidə olunur.
Xatırladım ki, ötən il 100 manata aldığımız hər hansısa məhsulu bu il 120-130 manata alırıq. Rəsmi göstəricilərə görə inflyasiya 14 faizdir, amma real inflyasiya göstəriciləri daha yüksəkdir. Bu da xidmətlərin, məhsulların və materialların qiymətinin artmasına səbəb olur.
Ona görə də insanlar hər hansısa istehlak tələblərini ödəmək üçün daha çox vəsait istifadə etməyə məcbur qalırlar. Sözsüz ki, bu da götürülən kreditlərin məbləğinin artmasına səbəb olur. Hesab edirəm ki, əhalinin banklara borclanma səviyyəsinin artması bununla bağlıdır”.
Ekspert əlavə edib ki, əhalinin sayındakı artım da sözügedən statistikadakı artıma təsir edən amillərdən biridir.
Bu xəbər üçün şərh yazın