Əhalinin cəmi 50 faizi seçicidir?-

Əhalinin cəmi 50 faizi seçicidir?- Ölkədə hər 4 nəfərdən biri psixi xəstədir?

Mərkəzi Seçki Komissiyası (MSK), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi(ƏƏSMN) və Dövlət Statistika Komitəsinin (DSK) rəsmi məlumatları əhalinin sayı ilə bağlı gülməli nəticəyə səbəb olub.

Sosial şəbəkələrdə müzakirə olunan bu nəticəni adıçəkilən qurumların  məlumatlarını şərh edən “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qadir İbrahimli ortaya çıxarıb. 

Bu qurumların rəsmi məlumatlarından çıxan nəticə bundan ibarətdir ki, Azərbaycanda hər 4 nəfərdən biri seçici siyahısında yoxdur: “MSK rəsmən bəyan edib ki, seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, ölkədə 2,7 milyon nəfər 0-18 yaşlı uşaq vardır. Dövlət Statistika Komitəsi isə iddia edir ki, sentyabrın 1-ə Azərbaycan əhalisi 10 milyon 35 min 351 nəfər olub. MSK ilə Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinin statistikasını ciddi qəbul etsək ölkədə əhalisinin sayı 7 milyon 672 min 365 nəfərdir.

Bəs Statistika Komitəsinin rəqəmi ilə MSK və Əmək nazirliyinin rəqəmləri arasındakı 2 milyon 362 min 986 nəfər “artıq vətəndaş” necə yaranır? Yaşı 18-dən yuxarı ancaq seçici siyahısına düşməyən vətəndaşlar ancaq anlaqlı durumda olmayan psixi xəstələrdir?

Təbii ki, onların sayı 2,4 milyon nəfər ola bilməz. Hər 3 mənbənin statistikasını ciddi qəbul etsək onda belə çıxır ki, ölkədə 2.4 milyon psixi xəstə var və yaxud da hər 4 nəfərdən biri psixi xəstədir. Bir az da sadələşdirsək hər ailəyə bir psixi xəstə düşür. Təbii ki, bu absurddur, heç nəzəri baxımdan da mümkün deyil”, - deyə ekspert bildirib.

Qadir İbrahimlinin sözlərinə görə, bu gülməli nəticənin ortaya çıxmasına səbəb DSK-nın əhalinin sayını şişirtməsidir: “MSK və Əmək nazirliyinin rəqəmləri reallığı əks etdirir – ölkə əhalisinin sayı 7,6 milyondur. Hələ onu demirəm ki, daha azdır – hər seçkidə vəfat etmiş şəxslərin adı da siyahılarda peyda olur.

Daha bir əhəmiyyətli detal. Adətən ölkə əhalisinin ortalama 70-75 faizi seçici olur. Məsələn, Rusiya əhalisinin 75, Türkiyə əhalisinin isə 73 faizi seçicidir. Bizim rəsmi mənbələrə istinad etsək, Azərbaycan əhalisinin cəmi 50 faizə yaxını seçicidir. Sadələşdirsək, ölkə əhalisinin hər 2 nəfərindən birinin yaşı 18-dən aşağıdır. Bu qədər qeyri-ciddi statistikaya görə yəqin dünya rekordunu təzələmişik.

Təbii sual ortaya çıxır: əhalinin sayını şişirtmək nəyə lazımdır? Vaxtilə Dövlət Statistika Komitəsində məsul vəzifədə işləmiş tanışım hələ 10 il qabaq deyirdi ki, əhalinin sayını ermənilərin acığına şişirdirdilər - yəni siz azalırsınız, biz isə artırıq. Guya artıb 15 miyona çatsaq ermənilər Qarabağı bizə qaytaracaq”./Yenisabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi