
Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
Əhalinin borc yükü artır .
2024-cü ildə Azərbaycan əhalisinin sərəncamında qalan gəlirlərdə müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2,2 faiz bəndi artaraq 18% olub.
Bəs əhalinin borc yükünün artmasında səbəb nədir?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, bir sıra faktorlar əhalinin borc yükünün artmasını şərtləndirir.
Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasından başqa sonuncu dəfə sosial paketlər 2023-cü ilin əvvəlində açıqlanıb və bundan sonrakı dövrdə əhalinin gəlirlərini ciddi şəkildə artacağı istiqamətində sosial paketlər açıqlanmayıbdır:
“Bu dövr ərzində ciddi inflyasiya qeydə alınıbdır, qiymətlər bahalaşıbdır. Bu şərtlər daxilində aydındır ki, vətəndaşların böyük bir əksəriyyəti ailə büdcələrində olan kəsiri kompensasiya etmək məqsədilə məcburən borclanır və bu 2024-cü ildə xüsusilə də özünü qabarıq şəkildə göstərdi. Bunun nəticəsində, birdən - birə bank sektorunun portfeli əhəmiyyətli səviyyədə artdı. Eyni zamanda, bu prosesdə bank sektorunun da müəyyən rolu vardır. Son illərdə vətəndaşlara geniş şəkildə kredit kartlarının təqdim olunması istehlak kreditlərini stimullaşdırır. Borc yükü dedikdə vətəndaşın müəyyən təqvim dövründə banklarda, lizinq şirkətlərində, kredit təşkilatlarında, lombardlarda və digər borc verən qurumlarda olan bütün borclarının cəmi nəzərdə tutulur. Bu məlumatlar Kredit Bürosunda toplanır. Borc yükü qiymətləndirilərkən, yalnız borcun ümumi məbləği deyil, həmin borcun vətəndaşın gəlirlərinə nisbəti də əsas meyar kimi götürülür”.
İqtisadçı vurğulayıb ki, əgər borclanma səviyyəsi gəlirin artım səviyyəsindən geri qalırsa, burada təhlükə yoxdur. Bu, normal hesab olunur:
“Bu, hətta iqtisadiyyatı bu və ya digər şəkildə inkişaf etdirən bir alət kimi də bir sıra hallarda istifadə olunur və dövlətlər borclanmanı istehlakı təşviq etməklə iqtisadiyyatı hərəkətə gətirirlər, iqtisadi dinamikanı sürətləndirirlər. Əgər vətəndaş gəlirləri ilə müqayisədə daha çox borclanırsa, bu orta uzunmüddətli dövrdə təhlükələr vəd edir. Maliyyə sektor üçün də ciddi təhlükələr formalaşdırır ki, gələcəkdə hər hansı bir iqtisadi resessiya və yaxud da ki, staqnasiya halları ortaya çıxarsa, bu kimi hallarda borcların geri qaytarılmasında ciddi problemlər yarana bilər və bu da maliyyə sektorunun ilkin olaraq çökməsinə və sonradan bütün digər sektorlara bu problemin yayılmasına səbəb ola bilər. Ona görə də bu proseslər davamlı izlənilir. Bu məsələ indiki halda inflyasiya təzyiqləri, xüsusilə də borc yükünün artması istiqamətində çağırışlar formalaşdırır. Minimum tələbləri belə yerinə yetirməkdə çətinlik çəkən insanlar məcburən müxtəlif borc alətlərindən istifadə edirlər və borclanırlar. İnsanlar heç də kefindən və yaxud da ki, məsuliyyətsizliyindən borclanmır. Yəni ümumi trendi formalaşdıran məsələ əhalinin alıcılıq gücünün aşağı düşməsi və artan xərclər məsələsidir”.
Bu xəbər üçün şərh yazın