Əhalinin vəziyyəti ağırlaşıb: "Xərclər 16 faiz, gəlirlər isə 0,06 faiz artıb” - Hara gedirik?..
Demək olar ki, hər gün marketlərdə hissə-hissə qiymət artımının şahidi oluruq.
İlk baxışda çox cüzi qiymət artımı olduğunu düşünsək də ay sonuna çıxa bilməyən zaman başa düşürük ki, həmin hissə-hissə artımlar o həddə çatıb ki, artıq büdcəmizi aşır. Bir çox ərzaq məhsullarının qiymətində keçən illə müqayisə aparsaq, görərik ki, fantastik dərəcədə artım müşahidə edilir.
“Sadə, heç bir statistik və yaxud iqtisadi biliyi olmayan insanlar da marketlərə girən zaman eşitdikləri ilə real həyat arasında çox ciddi şəkildə fərqin olduğunu görürlər. Ona görə ki, rəsmi açıqlanan bahalaşma səviyyəsi ilə insanların real həyatda hiss etdikləri arasında yerlə-göy qədər fərq var”.
Bu fikiləri iqtisadçı Nemət Əliyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, qiymətlərin hissə-hissə, bildirmək istəmədən qaldırılması hiyləgərlikdir mexanizmidir.
“Elə şəkildə qiymətləri qaldırmağa çalışırlar ki, əhali vahimələnməsin. Hətta birdə görürsən ki, məhsulun üzərində bir qiymət yazılıb, amma kassadan verilən çekdə artıq məhsulun qiyməti birazda bahalaşmış şəkildə görsənir.
Bahalaşma haqqında məlumatların birdən-birə deyil, hissə-hissə təqdim olunması ictimaiyyətin gözünə kül üfürməkdir. Rəsmi məlumatlara baxsaq 4-5 faiz göstərici təqdim edirlər. Guya istehlak mallarının qiyməti bu göstəricidə bahalaşıb. Lakin bizim apardığımız hesablamalar göstərir ki, hətta bu ilin 7 ayı ərzində bahalaşma haqqında verilən göstəricilər tamamilə yalnışdır. Dövlət Komitəsinin və Statistika Komitəsinin açıqladığı birgə məlumatların müqayisəsi əsasında aparılan hesablamalar göstərir ki, idxal malları bu ilin 7 ayı rəzində 23-25 faiz arasında bahalaşıb”.
İqtisadçının sözlərinə görə, müqayisə olunan dövrdə idxal mallarının bizim daxili məhsul bazarlarında payı 60 faizin üzərindədir. Yəni, bizim gördüyümüz məhsul bazarının 60 faizi xaricdən gətirilən mallardır. Bu mallar isə 25 faiz bahalaşıb.
“Heç görmüsünüz ki, bazarın 60 faizində qiymətlər qalxın, o biri 40 faizdə isə sabit qalsın? Xeyr, belə bir şey mümükün deyil. Təbii ki, idxal malları bahalaşırsa, onun təsiri nəticəsində yerli mallarda bahalaşır. Hesab etsək ki, bizim yerli mallarda idxal malları qədər bahalaşıb, o zaman ümumi məhsul bazarının 25 faiz bahalaşması şərtsizdir. Lap müqayisələrə son qoymaq üçün hesab edək ki, bizim yerli mallar idxal malları qədər deyil, onun yarısı qədər, yəni 12 faiz bahalaşıb. Bu şərtlər daxilində hesablamalar aparsaq, məlum olacaq ki, bizim məhsul bazarlarımız 20 faizin üzərində bahalaşıb.
Məhsul bazarından başqa ödənişli xidmətlər və ictimai iaşə xidmətləri var. Onlarıda üzərinə gəldikdə bütövlükdə istehlak bazarı formalaşır. İstehlak bazarı öz həcminə, dövriyyəsinə görə məhsul bazarlarından 20 faiz böyükdür. Məhsul bazarlarında 20 faiz bahalaşma varsa, istehlak bazarları da hardasa 15-16 faiz bahalaşıb.
İndi isə bu dövrdə əmək haqqlarının artımına baxaq. Rəsmi statistika görə, orta aylıq əmək haqqı il ərzində 720 manatdan 720,40 manata qədər artıb. Yəni altı ay ərzində cəmi 40 qəpik artıb. 40 qəpik isə 0,06 faiz edir. Əhalinin istahsak bazarlarındakı xərcləri 16 faizdən çox, gəlirləri isə 0,06 faiz artıb. Bu birmənalı şəkildə ölkədə alıcılıq qabiliyyətinin pisləşməsi deməkdir”. //bizimyol.info//
Bu xəbər üçün şərh yazın