Əkrəm Həsənov “İnvestAz”ın lisenziyasının ləğvindən danışdı: “Qanunsuzluqlar, mənimsəmə olub...”
2 il öncə Türkiyədə səs-küylü məhkəmə çəkişməsi olmuş “İnvestAz Asset Management” MMC-nin lisenziyasının ləğv edilməsilə ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb.
Düzdür, bir ölkə üçün cəmi bir investisiya fondlarının idarəçisinin qalması yaxşı göstərici deyil. Ancaq etibarsız bir fonda vəsait əmanət etmək də təhlükəlidir. Üstəlik elə bir fond ki, şirkət rəhbərinə, şirkətin İdarə Heyətinin üzvünə, icraçı direktoruna qarşı nüfuzlu iş adamının şikayəti əsasında cinayət işi açılır.
Etibarını itirmiş bir şirkət ətrafında qalmaqal təkcə Azərbaycanda deyil, Türkiyədə də davam edib, hətta Türkiyə mediası da bu haqda dəfələrlə yazılar dərc edib. Hələ 11 may 2021-ci ildə “İnvestAz” şirkətinin müflis elan edilməsi ilə bağlı İstanbul Ticarət Məhkəməsində iddia qaldırılıb.
Bundan əvvəl də sözügedən şirkətin Türkiyəli iş adamı Yunus Akgünün 1 milyon dollarını mənimsədiyi iddia edilirdi. Bildirilirdi ki, türkiyəli iş adamı “InvestAz”da öz hesabına 891 min 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün “InvestAz”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.
Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. “InvestAz” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Bu araşdırmadan sonra “InvestAz” 1 milyon 836 min 538 lirə cərimə də olunub.
İstintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını bildiriblər.
Cəza aldıqdan sonra “InvestAZ” təcili şəkildə saytını, email adresini və yatırımçı girişi panellərini dəyişdi. Bu kimi faktlardan sonra MMC-nin lisenziyasının ləğv edilməsi o qədər də təəccüblü gəlmir.
Mövzu ilə bağlı Tribunainfo.az-a danışan iqtisaçı Əkrəm Həsənov bildirib ki, “İnvestAz Asset Management” MMC-nin lisenziyasının ləğv edilməsi onun fəaliyyətinin dayandırılması deməkdir:
“Bu o deməkdir ki, MMC bağlanır. Orada heç bir təftiş aparıla bilməz, onun fəaliyyəti bitti. Yəni fəaliyyəti qapanacaq və bu fəaliyyətlə məşğul ola bilməyəcək.
Aydın olur ki, bu şirkətin fəaliyyətində qanunsuzluqlar olub, yəni ona pulunu etibar etmiş şəxslərin həmin pulunu düzgün idarə etməyib, mənimsəyib.
Azərbaycanda bu biznes çox zəif inkişaf edib, ölkədə cəmi iki şirkət idi bu işlə məşğul olan. Onlardan da birinin lisenziyası ləğv edilib.
Amma Avropa ölkələrində, bəzi Asiya ölkələrində Yaponiyada, Koreyada, Sinqapurda belə fondlar çoxdur. Onların da fəaliyyəti nəzarət altındadır.
Mediada gedən məlumatlardan aydın olur ki, bu şirkət camaatın pulunu alıb və heç bir fəaliyyətə də qoymayıb, belə başa düşülür ki, öz cibinə qoyub və ya mənimsəyib. Fəaliyyətini bu şəkildə quran MMC-yə etibar da qalmır. Mənimsəmə ilə bağlı bir neçə belə fakt aşkarlanandan sonra da lisenziyası əlindən alınır”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın