Əkrəm Həsənov: “Trendyol” dempinq edirsə, dövlət bunu sübut etməlidir
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin mövqeyi tam başadüşülən deyil.
Deyirlər ki, “Trenyol”dan alınan malların qiyməti ucuzdur və bizim sahibkarlar onunla rəqabət apara bilmirlər. Əgər sübut olunursa ki, “Trendyol” Azərabycanda bazarın 30%-dən çoxunu əldə edib, çoxları ordan alır, bizim sahibkarlar icarəyə götürdükləri ticarət obyektlərində o malları sata bilmirlər, çünki bahadır - bunda “Trendyol”un günahı varmı? “Trendyol” qiymətləri qəsdən, bilə-bilə endirir, dempinq edir? Dempinq hansısa sahibkarın bazardan digər rəqiblərini çıxarmaq üçün qiyməti müvəqqəti müddətə “öldür”məsidir. “Trendyol” belə edirsə, onda dövlətimiz bunu sübut etməlidir. Amma mən bunu ehtimal etmirəm”.
Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, sadəcə, “Trendyol” malları öz qiymətinə satır: “Bizim sahibkar isə eyni malı gedib Türkiyədən alıb gətirir - gömrük, vergi xərcləri, icarə qiyməti yüksəkdir, icarədən də vergi var, işçisinə görə də dövlətə ödənişlər edir və s. Bunlar üst-üstə gələn sahibkarlarımız artıq həmin malları baha satır. Buna görə də “Trendyol”la rəqabət apara bilmir. Deməli, dövlətimiz xüsusən vergi və gömrük siyasətində dəyişikliklər etməli, vergiləri və tarifləri endirməlidir. Düzdür, “Trendyol” da həmin malların Azərbaycana daşınmasına xərc çəkir. Hər bir halda bizim sahibkarlar eyni malı “Trendyol” kimi ucuz sata bilməyəcək. Gəlin, fərqə baxaq. Fərq çox az olacaqsa, əhalinin xeyli hissəsi bizim mağazalardan o malı alacaq. Çünki “Trendyol”dan əsasən geyim malları alınır. İnsan çalışır ki, geyimi almazdan əvvəl əyninə geyinsin. Xüsusən qadınlar bunu daha çox xoşlayırlar. Amma görəndə ki, “Trendyol”da qiymət bizim mağazalardan 30-40% ucuzdur, əlbəttə, əynimə geyinməsəm belə, gedib ordan alacağam. Eybi yox, bir az böyük ölçüdə alaram, gedib yerli dərziyə düzəltdirərəm. Xoşuma gəlməz, uzaq başı, qohum-tanışa verərəm...”
Bu xəbər üçün şərh yazın