Elçibəyin qardaşı qızı işdən çıxarılıb –

Elçibəyin qardaşı qızı işdən çıxarılıb – AMEA-da qalmaqal

Eks-prezident Əbülfəz Elçibəyin qardaşı qızı Səadət Məmmədova işdən çıxarılıb.

Faktinfo.az xəbər  verir ki, bu barədə Qaynarinfo.az-a onun vəkili Ülviyyə Mirzəliyeva məlumat verib.

Vəkil bildirib ki, Səadət Məmmədova Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müxtəlif vəzifələrdə işləyib: "Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasında zal növbətçisi kimi başlayıb. Daha sonra laborant, böyük laborant və elmiş işçi vəzifəsinə qədər yüksəlib. Səadət Məmmədova bir sıra elmi məqalələrin və elmi işlərin müəllifidir. Azərbaycanda milli şüurun formalaşmasında böyük əməyi olub.

2019-cu ildən başlayaraq təzyiqlərə məruz qalıb. Həmin il o, akademiyanın nəzdində fəaliyyət göstərən Milli Azərbaycan Tarix Muzeyinin Etnoqrafiya və Elmi Fond Şöbəsinin 12-ci dərəcəli elmi işçisi olduğu halda heç bir əsas göstərilmədən muzeyin kitabxanasına 9-cu dərəcəli böyük laborant vəzifəsinə keçirilib. 2021-ci il iyun ayının 25-də isə iş yerini Etnoqrafiya və Elmi Fond şöbəsinə dəyişiblər. Beləliklə, 2019-cu ildən 2022-ci ilə qədər Səadət Məmmədovanı gah aşağı vəzifələrə təyin etməklə, gah da iş yerini bir şöbədən digərinə dəyişməklə onu təzyiq altında saxlayıblar”.

Ülviyyə Mirzəliyevanın sözlərinə görə, məqsəd Səadət Məmmədovanı bu üsulla işdən çıxarmaq olub.

"Səadət Məmmədovanın öz xoşu ilə işdən çıxmaq barədə ərizə yazmasına nail olmaq istəyiblər. Bu baş tutmayanda isə 5-8 aprel 2022-ci il tarixində keçirilmiş attestasiyanın nəticələrinə əsaslanaraq Əmək Məcəlləsinin 77-ci maddəsi ilə Səadət Məmmədovanı işdən çıxarıblar”, - deyə vəkil əlavə edib.

Vəkil hesab edir ki, Səadət Məmmədovanın vəzifəsindən azad edilməsi qanunsuzdur. Onun sözlərinə görə, həmin tarixdə 94 nəfər attestasiyadan keçib. Onlardan dördü vəzifəyə uyğun olmasa da, başqa işə keçirilmələri tövsiyə edilib. Lakin Səadət Məmmədovaya bu şans tanınmayıb.

Vəkil bildirib ki, Səadət Məmmədova işə bərpa tələbi ilə Səbail Rayon Məhkəməsində iddia qaldırıb. İş hakim Şahin Abdullayevin icraatına verilib. Avqustun 16-da iş üzrə hazırlıq iclası keçirilib və sentyabrın 22-nə baxış iclası təyin olunub.

Ülviyyə Mirzəliyeva işə ədalətli yanaşılacağını ümid edir.

Məlumat üçün deyək ki, Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlıdır.

Elçibəyin qardaşı qızı işdən çıxarılıb –
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi