“Ərdoğan düzgün siyasət yeridir,əks təqdirdə Türkiyə Suriya və ya Əfqanıstanın gününə düşə bilərdi...”- SƏRDAR CƏLALOĞLU
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a müsahibə verib.
Faktinfo.az həmin müsahibəni oxuculara təqdim edir:
- Sərdar bəy, Ukraynada parlament seçkilərində Prezident Zelenskinin partiyası qalib gəldi. Ukraynada yaxın dövrdə hansı proseslər müşahidə ediləcək?
- Əslində Ukraynaya hadisələrinə obyektiv qiymət vermək üçün bütövlükdə dünyada müşahidə olunan proseslərə obyektiv qiymət vermək lazımdır. Hazırda dünyada müşahidə edilən hadisələrin bir adı var: yeni dünya düzəninə keçid prosesi. Bu nə deməkdir? II Dünya Müharibəsindən sonra dünyada formalaşan maraq və təsirlərin yenidən bölüşdürülməsi, dünyanın idarə edilməsində yeni güclərin meydana çıxması və s məsələlərlə əlaqəlidir. ABŞ-ın bu bölgədə İran, Rusiya, Türkiyə, Çin və digər Avropa dövlətləri ilə apardığı siyasət, eləcədə Rusiyanın işğal etdiyi ərazilərdə apardığı siyasət məhz yeni dünya düzəni ilə birbaşa bağlıdır. Ukrayna məsələsi də bu mənada əhəmiyyətli rol daşıyır.
Ukrayna Avropa-Rusiya və ABŞ-Rusiya arasında təsir dairəsinin bölüşdürülməsi məsələsində ən qaynar nöqtələrdən biridir. Hesab edirəm ki, Ukrayna məsələsinə ABŞ-Rusiya konteksində baxılmalıdır. İndiki halda Ukraynada hakimiyyətə yeni qüvvələr gəlib və onlar daha çox Avropa meyllidir. Amma düşünmürəm ki, Rusiya prosesi kənardan müşahidə edəcək və Ukraynanın təsirdən çıxmasını səssizcə izləyəcək. Yəqin ki, Rusiya tərəfindən Ukraynaya qarşı ciddi addımlar atılacaq. Məsələn, Krımın işğalı, Donbasda başladılan müharibə kimi. İndiki halda Ukraynada hökumət formalaşmayıb, irəliyə ciddi addımlar atılmayıb, qəti qərarlar yoxdur. Məncə, hazırda Ukraynanın yeni hakimiyyətinin davranışlarına diqqət edib konkret fikir bildirmək olar. Bu addımlar isə yaxın gələcəkdə atılacaq.
- Siz iddia edirsiniz ki, ruslar Ukraynanın ərazilərini işğal edə bilər?
- Söhbət təkcə torpaq işğalından getmir. Mümkündür ki, bu dəfə başqa təsir vasitələrindən istifadə olunsun. Məsələn, Belarusla Ukrayna arasında münaqişə yaradılsın. Vacib deyil ki, ancaq vətəndaş müharibəsi və torpaq işğalı olsun. Fikrimcə, ruslar Ukraynaya iqtisadi və geosiyasi problemlər yaradacaq. Mümkündür ki, Polşa ilə Ukrayna arasında problem yaratsın.
Bir daha qeyd edirəm ki, yeni Ukrayna hakimiyyəti haqqında hələlik bir söz demək olmaz. Prezident hələ təzə oturub, özü də elan etməyib ki, Rusiya və Avropa ilə hansı xətt aparacaq. Amma atılacaq addımlara adekvat olaraq çətinliklər ortaya çıxacaq. Məhz onda bilinəcək ki, ruslar Zelenskinin siyasətinə nə dərəcədə dözümlü yanaşır.
- İndi bölgədə İran ətrafında da ciddi proseslər müşahidə edilir. Son günlər Tehran-London münasibətləri də korlandı, ABŞ-la münasibətlərin nə yerdə olduğu bəllidir. Bu mənada İranı hansı təhlükələr gözləyir?
- İranla bağlı nə qədər münaqişələr yaransa da, müsəlman aləmində Avropa və ABŞ-la ən sıx əlaqəsi olan ölkələrdən biri İrandır. Ola bilsin ki, dövlət səviyyəsində problemlər yarana bilər, amma özəl sektorda Avropa və ABŞ-ın İranla güclü əlaqələri var. Bu mənada düşünmürəm ki, İranla qarşıdurmalar ciddi münaqişələrə gətirib çıxaracaq. Sadəcə İranla uzlaşdırıcı siyasət aparmaq istəyirlər. İran rejimi də bu məsələyə isti yanaşmır.
Çünki İranın ənənəvi şüarı var: nə şərq, nə də qərb. Əgər İran Avropaya yaxınlaşsa Xomeneyi tərəfindən əsası qoyulan İslam İnqilabına zidd addım olar. Odur ki, hələlik İran rejimi müqavimət göstərir. Açığı mənim fikrimcə hələlik İranla bağlı ciddi proses yoxdur. Nə ABŞ, nə də Avropa İrana qarşı ciddi addım atmayacaq.
- Dünya analitikləri İranla bağlı ciddi prosesin müşahidə olunduğunu, hətta müharibənin başlaya biləcəyini anons edir. Tehran faktiki İngiltərə gəmisini körfəzdə ələ keçirib, tərəflər bir-birinin dronunu vurur. Və siz deyirsiniz ki, İranla bağlı ciddi proses getmir?
- Siz sadaladığınız tərəflərin bir-biri ilə əsəb oyunudur. Əslində orada ciddi hərəkət yoxdur. İran və ABŞ-ın atdığı addımlar sadəcə bir-birinə güc nümayiş etdirir. Amma biz prosesə geopolitik nöqteyi-nəzərdə yanaşsaq görərik ki, İran kimi dövlətin zəifləməsi ABŞ və Avropanın maraqlarına ziddir. Əksinə, bu ölkələr İranın güclü qalmasında maraqlıdır.
- Bu fikirlərinizi hansı arqumentlərə əsasən söyləyirsiniz?
- Avropa və ABŞ-ın dünyada islam dininin toqquşmasına görə, İranın mövcud olmasında maraqlıdır. Onlar mümkün qədər İranın güclü qalmasından yanadır. İslam dünyasının parçalanması, şiə və sünni məsələsi İranla əlaqəlidir. Bu mənada ABŞ və Avropa Səudiyyə Ərəbistanı və İranın islamın parçalanmasında rol oynamalarında maraqlıdır.
Yəni bu ABŞ-ın strateji maraqlarına uyğundur. Sadəcə taktiki məsələlərdə ola bilsin ki, ABŞ nədənsə narazı qala bilər, amma strateji olaraq İranın islam dünyasında zəifləməsi və mövqelərini itirməsinə heç cür razı olmaz.
- Hazırda Qərb-Türkiyə qarşıdurması da müşahidə edilir və bu daha çox Ankaranın Moskvadan S-400 kompleksləri alması ilə əlaqədardır. Hətta Türkiyənin NATO-dan çıxarılma ehtimalı haqqında da danışılır...
- Əslinə baxsanız ABŞ-Türkiyə, Avropa-Türkiyə münasibətlərində ki, problemlər yeni dünya düzəninin yaradılmasının təsiri ilə ortaya çıxıb. S-400 kompleksləri, raket almaq məsələsi sadəcə söz oyunudur. ABŞ Yaxın Şərqdə bir layihə həyata keçirmək istəyirdi, amma Türkiyənin bunun qarşısında duran əsas maneə oldu. Həmin planda kürd dövlətinin yaradılması, Suriyanın parçalanması, müəyyən qədər Türkiyədən torpaq əldə etmək nəzərdə tuturdu. Türkiyə də bunun qarşısında dayandı.
İndi hər bir bəhanədən istifadə edərək Türkiyəyə təzyiqlər edirlər. Türkiyə özünün milli müdafiə sistemini yaratmasının ABŞ-a ziyanı yoxdur. İndiki halda Türkiyəyə qarşı çıxışlar sadəcə bəhanədir. Düşünürəm ki, ABŞ-Türkiyə münasibətləri qısa müddətdə yoluna düşəcək. Türkiyə iqtisadi cəhətdən güclü və dünyada nüfuz qazanan dövlətdir. Bu bölgədə, xüsusilə Yaxın Şərq siyasətində Türkiyənin oynadığı rol açıq göstərir ki, regionda gedən proseslərdə Ankaranın maraqlarını nəzərə almamaq ciddi nöqsandır. Bu mənada ABŞ və Avropa bir müddətdən sonra Türkiyə ilə razılaşmaq zorunda qalacaq.
- Ancaq faktiki Türkiyəyə ciddi təzyiqlər edilir, Ankara F-35 proqramından çıxarılır, NATO-nun təcili toplantısını çağırıb Türkiyənin məsələsinin müzakirəsi istənilər...
- Baxın, ABŞ bir tərəfdən Türkiyəyə təzyiqlər edir, iqtisadi sanksiyalar tətbiq etməklə hədələyir, digər tərəfdən Suriya mövzusunda Ankara ilə əməkdaşlığı gücləndirir. Bu onu göstərir ki, indi yaranan taktiki problemlər strateji mənafelərin yanında əhəmiyyət kəsb etmir. Bəli, sanksiyalar haqqında anonslar verilir, amma nəzərə alın ki, dövlətlər də simasını qorumağa çalışırlar. Bu mənada Türkiyəyə qarşı kosmetik sanksiyalar ola bilər. Bunun isə Türkiyənin iqtisadiyyatına və siyasətinə elədə ciddi təsiri olmayacaq. Yəni Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Türkiyəyə qarşı olmayacaq.
- Siz hesab edirsiniz ki, Türkiyə hökumətinin addım və davranışları doğrudur?
- Bəli, Türkiyə müstəqil və suveren bir dövlət kimi bölgədə özünün maraqlarını qorumaq üçün siyasət aparır. Onun Suriya, İraq , Avropa siyasəti türk dövlətinin strateji maraqlarına tam uyğundur. Ola bilsin ki, bu maraqları hansısa müttəfiqinin maraqları ilə üst-üstə düşməsin, amma Türkiyə dövlət kimi ayaq üstü durmaq istəyirsə belə addımlar atılmalı idi. Fikrimcə, Ərdoğan hökuməti doğru siyasət yürüdür. Əks təqdirdə Türkiyə Əfqanıstan və Suriya vəziyyətinə düşə bilərdi.
Bu xəbər üçün şərh yazın