Ermənistan Moskvaya yalvarır
Ermənistan Təhlükəsizlik Şurasının(TŞ) katibi Armen Qriqoryan ölkəsinin Azərbaycanla sərhəddə baş verən hadisələr səbəbindən Rusiyadan yardım istədiyini deyib.
Qriqoryan ictimai televiziyaya açıqlamasında guya Azərbaycanın Ermənistanın suveren ərzilərinə hücum etdiyini əsas gətirərək, Moskvaya müraciət etdiklərini bildirib.
TŞ katibi Ermənistanla Rusiya arasında 1997-ci ildə bağlanmış müqaviləni əsas gətirərək, Moskvanı tərəfdaşlıq sazişinə əməl etməyə çağırıb: “Biz gözləyirik ki, Rusiya bizə yardım edəcək və bizim Ermənistanın ərazi bütövlüyünü bərpa etməyimizə kömək göstərəcək. Dəfələrlə Ermənistanın dövlət sərhədinin Rusiya üçün “qırmızı xətt” olduğu bəyan edilib. Mayın 12-dən Azərbaycan bu xətti keçib. Biz müttəfiqimizə müraciət edirik ki, müttəfiqlik münasibətləri çərçivəsində Ermənistanın ərazi bütövlüyünü bərpa etsin.”
Əlbəttə ki, Azərbaycanın guya Ermənistan ərazilərinə hücum etməsi barədə erməni tərəfinin iddiaları növbəti dezinformasiyadır və Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyildiyi kimi, Azərbaycan, sadəcə, Ermənistan ordusunun sərhəddə törətməyə çalışdığı təxribatların qarşısını alır. Ancaq burada maraqlı və ibrətamiz məqamlardan biri Qriqoryanın erməni dövlətinin Moskvadan rəsmən kömək istədiyinə dair söylədikləridir. Ermənistan rəsmisi dövlətinin Moskvaya az qala diz çöküb yalvardığını etiraf edir və bir növ Rusiyanın boynuna qoymaq istəyir ki, erməniləri müdafiə etsin, onların əvəzinə Azərbaycanla savaşsın və s.
Xatırlatmaq yerinə düşər ki, bu, 30 il Azərbaycana meydan oxuyan, özünü “qəhrəman”, “döyüşkən”, “yenilməz” və s. bu kimi pafoslu adlarla süsləyən xalqın dövlət rəsmisinin söylədikləridir. Təxminən bir il əvvələdək yekəxanalıqdan, lovğalıqdan yerə-göyə sığmayan, hər addımda, tədbirdə, sosial şəbəkələrdə, mətbuatda Azərbaycanı aşağılamağa çalışan bir toplumun və dövlətin necə aciz, miskin və rəzil duruma düşdüyünü görürük. Bu, o deməkdir ki, artıq nə erməni dövləti, nə erməni ordusu, nə də özündən razı erməni cəmiyyəti qalıb. İndi bunların başbilənlərindən, 44 günlük müharibə boyu guya Azərbaycan tərəfində hansısa terrorçuların, suriyalıların, daha kimlərin savaşdığını bəyan edən təbliğatçılarından soruşan lazımdır ki, bəs, indi nə baş verir, indi kimi qabağından qaçırsınız? Bəlkə durub yenə deyələr ki, sərhəddə onlara qan udduran Azərbaycan ordusu deyil, hansısa yadplanetlilərdir?!
Rusiyaya müraciətə gəlincə, artıq 10 noyabr sazişindən bu yana rəsmi Moskva da dəfələrlə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamağın, həmçinin kommunikasiyaların açılmasının vacibliyini bəyan edib. Hətta bunun üçün özündə olan xəritələri də təklif edib. Lakin Paşinyan hökuməti xaricdəki havadarları və erməni diasporunun təzyiqlərilə hər vəchlə prosesi uzadır və müxtəlif bəhanələr gətirərək, onu əngəlləməyə çalışır. Bu baxımdan Ermənistanın Rusiyaya müraciəti qeyri-adekvat və mənasız addımdır. Ən azından ona görə ki, məhz İrəvanın şıltaqlığı səbəbindən sərhədlər müəyyənləşdirilməyib. Bu səbəbdən də Ermənistanın hansı sərhədlərin pozulmasından danışdığı anlaşılmazdır.
Azpolitika.az
Bu xəbər üçün şərh yazın