Ərzaq məhsullarında bahalaşmanın səbəbi nədir? – Monopolistlərin qazanc hərisliyi və...
Bu ilin fevral ayında dünyada ərzaq qiymətlərinin ümumi indeksi illik nisbətdə 2,8 bənd və ya 2,4% artaraq 116 bəndə çatıb.
Bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasında deyilir.
Bu göstərici ardıcıl olaraq doqquzuncu aydır artır və 2014-cü ilin iyul ayının əvvəlki maksimumuna yaxınlaşıb.
FAO bütün növ malların, ən başlıcası şəkər və bitki yağının qiymətlərində artımın qeyd olunduğunu bildirir. Belə ki, şəkərin qiymət indeksi 6 pillə (6,4%) artaraq 100,2 bəndə yüksəlib və 2017-ci ilin aprel ayından bəri rekord göstəriciyə çatıb.
Bitki yağı qiymətləri indeksi yanvar ayına nisbətən 8,6 bənd (6,2%) artaraq 147,4 bənd təşkil edib ki, bu da 2012-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. İndeks ardıcıl olaraq doqquzuncu aydır artır.
Bu indeksin davam edən yüksək dəyərləri xurma, soya, kolza və günəbaxan yağı qiymətlərindəki artımı əks etdirir.
Taxıl qiymətləri indeksi aylıq ifadədə 1,5 bənd və ya 1,2% artaraq 125,7 bəndə yüksəlib. Sorgum və qarğıdalı üçün dünya qiymətlərində kəskin artımın olduğu bildirilir.
Eyni zamanda buğdanın fevral ayında ixrac qiymətləri dəyişməz qalsa da, keçən ilə nisbətən 19,8% daha yüksək olub.
Süd məhsullarının qiymət indeksi 1,9 bənd (1,7%) artaraq 113 bəndə çatıb.
Ət qiymət indeksi isə 96,4 bənd (artım 0,6 bənd və ya 0,6%) təşkil edib ki, bu göstərici ardıcıl beşinci aydır artmaqdadır. Mal və quzu ətinin bahalaşması xüsusilə əsas istehsal bölgələrindən tədarükün məhdud olması səbəbindən baş verib.
Məlumdur ki, pandemiya dönəmində bahalaşma olsa da, dünyada cox da qıtlıq hiss olunmadı. Bəs postpandemiya dönəmində ucuzlaşma gözlənilirmi?
İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda biz postpandemiya dövrünə hələ girməmişik, amma bu gün əsas təsirlər elə pandemiya dönəminin özündədir:
“Hamı üçün pandemiyanın sonu qeyri-müəyyəndir. Ona görə də bütün dünya ölkələri ərzaq ehtiyatları yığmağa başlayıb. Ərzaq ehtiyatlarının yaradılması da dünya bazarına çıxarılan məhsulların həcmini azaldıb. Sözsüz ki, bazarda məhsulun həcmi azaldığına görə, tələb əvvəlki qaydada qaldığına görə dünya bazarında da məhsulların qiyməti artmağa davam edir.
2015-ci ildən indiyədək dünya bazarında bu cür bahalaşma görülməmişdi. Bu qeyri-adi bahalaşmadır, ötən illərdəki kimi adi bahalaşma deyil. Azərbaycanda da ərzaq məhsullarının demək olar ki, 60%-ni xaricdən idxal edir. Kənd təsərrüfatı məhsullarının isə 50%-i xaricdən idxal olunur. Ona görə də Azərbaycana bahalaşma daha çox təsir edir”.
Ekspert qeyd edib ki, dünya bazarındakı bahalaşma ölkənin daxili bazarına birbaşa təsir edir:
“Daxili istehsal daxili təlabatın az bir hissəsini ödəyir. Ya yarıya qədərini, ya da 60%-ni, bu səbəbdən də dünyadakı bahalaşma Azərbaycana birbaşa təsir edir. Qiymət artımı ilə bağlı digər bir daxili amil də var. Bu daxildə monopoliyanın olması, rəqabətin olmamasıdır. Rəqabət olan ölkələrdə idxalçılar qiyməti qaldıranda həmişə məsələyə ehtiyatla yanaşırlar ki, rəqiblərinə uduzmasınlar. Azərbaycanda isə rəqib yoxdur. Ona görə də sahibkarlar heç nə itirmədən qiymətləri artırırlar”.
Bu xəbər üçün şərh yazın