“Evlər bahalaşır” xəbərini kimlər yayır... - Məqsədli DEZİNFORMASİYA

“Evlər bahalaşır” xəbərini kimlər yayır... - Məqsədli DEZİNFORMASİYA 

Faktinfo.az xəbər verir ki,bir sıra KİV-lərdə məqsədli şəkildə tikinti zamanı istifadə olunan sementin kəskin bahalaşdığı və bu səbəbdən də mənzillərin kvadrat metrinin qiymətinin təxminən 30-50 manat bahalaşacağı iddia edilir. Bildirilir ki, Bakıda pilot layihələr üzrə aparılan tikinti işlərinin sürətlənməsi sementə təlabatı artırıb.

Məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rəşad Əliyev bildirib ki, mənzil bazarında qiymətlər 3 amilin təsirilə formalaşır:

“Birinci amil sözsüz ki, maya dəyəridir. İkinci amil, satış qiyməti və rentabellikdir. Çünki rentabellik yüksək olanda maya dəyərində olan hər hansı dəyişiklik qiymət artımına gətirib çıxartmır. Satış qiyməti isə bazardan asılıdır. Üçüncü amil təkrar bazarda olan qiymətlərdir. Təkrar bazarda qiymətlər normaldırsa, ilkin bazarda qiymətlərin qalxa bilməz. Bu hal ona gətirib çıxara bilər ki, insanlar ikinci əl evlərə üstünlük verərlər. Ona görə də maya dəyərinin artımı heç də həmişə satış qiymətinin artımına təsir göstərmir”.

Sementin qiymətinin bahalaşmasına gəldikdə, ekspert deyib ki, bu tikinti materialının qiymətində ciddi artım olmayıb:

“Nəzərə almaq lazımdır ki, bina sementdən tikilmir. Maya dəyərinin 50 faiz bahalaşması üçün sementin qiymətinin də o qədər bahalaşması lazımdır. Bu qədər bahalaşma isə yoxdur. Yazırlar ki, sementin qiymətinin qalxması ilə əlaqədar tikinti şirkətləri guya mənzillərin qiymətini hər kvadrat üçün 30-50 manat qaldırmaq istəyir. Məlumat üçün deyim ki, bina tikintisi tam olaraq sement xərcindən ibarət deyil. Onun burada müəyyən xüsusi çəkisi var. Hər kvadratın qiyməti 30-50 manat ancaq o vaxt qalxa bilər ki, sementin qiyməti aşağısı 40-50% artsın. Bu cür bahalaşma yoxdur. Bir də sement xərcinin xüsusi çəkisi ekonom sinfinə aid mənzil tikintisində çoxdur. Buna görə də onlara daha çox təsir etməlidir. Ancaq hər şey o qədər sadə deyil. Nəzərə alaq ki maya dəyəri satış qiymətlərinə təsir edir, ancaq təsir məhdud olur. Maya dəyərinin 5% artması o demək deyil ki satış qiymətidə 5% artmalıdır. Rentabellik yüksək olan yerdə bu satış qiymətinin artmasına hətta təsir etməyə də bilər. Ancaq layihənin gəlirliyini azalda bilər. Məsələn, əvvəl mayası 400 manata olan mənzili 600 manata satılırsa, indi 440 manat maya dəyəri olanda 600 manata satıla bilər. Qiymət artımına əsas olub-olmamasını isə zaman göstərəcək. Qiymət heç vaxt heç nədən qalxmır. Bunun üçün iqtisadi əsaslar olmalıdır”.

R.Əliyev deyib ki, ümumilikdə bazarda sabitlik hökm sürür:

“Qiymət artımından söhbət belə getmir. Ötən il nisbətən artıma meyllilik yaranmışdı ki, bu da ipoteka kreditləşməsinin aktiv fazada olması ilə əlaqədar idi. İkinci faktor söküntü işlərinin sürətlənməsilə bağlı idi. Yeni binaların tikintisi uzunmüddətli perspektivdə qiymət azalmasına xidmət etsə də, qısamüddətli dövrdə də qiymətlərə təsir edən amildir. Bu, kirayəyə olan tələbatı müəyyən qədər artırdı. Digər tərəfdən, söküntü nəticəsində bazarda mənzil təklifi azalmışdı. Çünki əvvəllər bazarda edilən təkliflərin çoxu söküntü aparılan mənzillər olurdu. Bu, dediyim kimi, qısamüddətli və cüzi bahalaşma idi”.

Ekspertin sözlərinə görə, “evlər bahalaşır” məlumatları tikinti şirkətləri tərəfindən məqsədli şəkildə yayılır:

“Biz apardığımız təhlillər zamanı bahalaşma olacağını bilsək belə, bu barədə məlumatlar yaymırıq. Yaxud da əksinə. Çünki bazara bu cür müdaxilələr əks effekt verir. Ona görə də bu cür qiymət dəyişikliyilə bağlı yalançı proqnozlar verilməsi doğru hal deyil. Hər bir halda informasiya məkanından hər kəs yararlanmaq istəyir. Tikinti şirkətləri də həmçinin. Tikinti özü biznesdir. Və hər kəs bu biznesin daha çox gəlir gətirməsinə çalışır. Heç kim ictimai əsasla bizneslə məşğul olmur. Olur bəzən dezinformasiya yayaraq bazara təsirlərini yoxlayırlar. Bir də baxırsan, bazarda bahalaşma yoxdur, amma yazırlar “evlər bahalaşdı”. Yaxud ucuzlaşma yoxdur, yazırlar “evlər ucuzlaşdı”. Yəni bu cür məlumatlar həm də əks effekt də dorğura bilir. Amma bu cür məlumatlar qalıcı effekt vermir. Hər bir halda bazar öz sözünü deyir”. 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi