Fazil Mustafa:" BDU-da sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım”
“Bakı Dövlət Universiteti ənənəvi olaraq Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır.
Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq”.
Bunları millər vəkili Fazil Mustafa BDU rəhbərliyində baş vermiş dəyişikliyin dəyərləndirildiyi “Facebook” statusunda yazıb.
“Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım”, – deyə, deputat Abel Məhərrəmovun dövrünü tənqid edib.
F.Mustafanın fikrincə, hazırda Bakı Dövlət Universitetində auranın dəyişdirilməsi üçün şans yaranıb. Deputat yazır: “Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan mexanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur. İndi də BDU rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudun Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar”.
“Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”, – deputat fikrini tamamlayıb.
Bu xəbər üçün şərh yazın