Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Ölkə başçısının tapşırığına əsasən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Horadiz şəhərində keçirilib. Səyyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirib. Həmçinin qeyd edib ki, hazırda rayonun mərkəzi hesab olunan Horadiz şəhərində 7200 nəfər yaşayır. Şəhər sakinlərindən məcburi köçkün statusu olan 5427 nəfərə hər ay 325620 manat vahid aylıq müavinət ödənilir. Horadiz şəhərində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb, cənab İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Horadizə şəhər statusu verilib. Horadiz şəhərində təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilib, işğal dövrü yandırılmış və dağıdılmış evlər, küçələr bərpa olunub, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilib, bütövlükdə Horadiz şəhərinin sosial-iqtisadi həyatında əsaslı dönüş yaranıb.
Qeyd olunub ki, hazırda rayonun işğaldan azad olunmuş ərazisində mövcud olan 100-dən artıq infrastrukturdan 61-i Horadiz şəhərində fəaliyyət göstərir. Şəhərdə 3 tam orta məktəb, 2 uşaq bağçası, tibb məntəqəsi, poçt, kitabxana, telekommunikasiya, bir sözlə rayonun bütün idarə müəsissə və təşkilatları burada fəaliyyət göstərirlər.
Horadiz şəhər sakinlərindən 15 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə özünüməşğulluq proqramına cəlb olunub. Şəhərdə 38 şəhid ailəsi, 9 Qarabağ müharibəsi əlili vardır. Şəhər sakinlərindən 1114 nəfərə müxtəlif növ pensiya və müavinət verilir, 730 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Səyyar qəbulda rayonun xidmət təşkilatlarının gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair şəhər sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər
Bu xəbər üçün şərh yazın