"Füzuli rayonunda 9 ilə yaxındır ki, yas mərasimləri..." - FOTOLAR
Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, dindar insanların, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 9 ilə yaxındır ki, yas mərasimləri sadələşdirilmiş şəkildə təşkil olunur.
Yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq, sadə və rahat formada həyata keçirilir. Ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su, yuxa olmaqla yeddi əsas predmetlə açılır.
Füzuli rayonun imamı Nəriman Nəsirov vurğulayır ki, dinimizdə və müqəddəs kitabımız olan “Qurani-Kərim”də israfçılıq qəbul edilmir, bu addım dini baxımdan düzgün və vacib hesab olunur. Digər tərəfdən isə iqtisadi cəhətdən əhalinin rifahının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, son 9 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi 14,6 milyondan artıq vəsaitə qənaət edib. Rayon sakinləri həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə orta hesabla 1000-1500 AZN vəsait tələb olunur.
Faktinfo.az saytına rayon sakinləri bildiriblər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına – koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur.Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın