Füzuli rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib - FOTOLAR
Füzuli rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib.
Faktinfo.az xəbər verir ki,Füzuli Rayon İcra Hakimiyyətinin və Yap Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə, Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon rəsmiləri, Füzuli rayonundan olan bir qrup tanınmış ziyalı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, bir qrup ziyalı, şəhid ailəsi və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etdi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin Füzuli rayonuna səfərlərini əks etdirən fotosərgiyə, böyük şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrə və kitab sərgisinə baxış keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı konfrans açıq elan edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək qonaqları salamladı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda Heydər Əliyev ili elan olumasının mütərəqqi bir hadisə olduğunu diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə yaranan müsbət dəyişikliklərdən, dahi şəxsiyyətin xalqı, milləti azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsindən söz açan rayon rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğuladı. Alı Alıyev hazırda bütün sahələrdə ölkəmizin Ulu Öndər Heydər Əliyev yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin tərəfindən uğurla inkişaf etdirilməsini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırdı.
Daha sonra YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova çıxış edərək müəllifinin Ulu Öndər Heydər Əliyev olduğu azərbaycançılıq məfkurəsinin milli birlik mənbəyinə çevrilməsini, xalqımızın bu birlik vastəsilə öz qalibiyyətinə qovuşmasını və bütün bu nailiyyətlərin qazanılmasında YAP-ın xüsusi rola malik olmasını diqqətə çatdırdı. Almaz Həşimova azərbaycançılıq məfkurəsini müasir tariximizin bütün uğurlarının ana xətti adlandırdı.
Konfrans Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar Bayramov, İqtisad elmləri doktoru Təranə Kərimova, Əməkdar elm xadimi, professor Qalib Qarayev, Tibb elmləri doktoru Nadir Hüseynov, Filologiya üzrə fəlsəfə doktoru Faiq Qurbanov, Əməkdar müəllim Ülkər Hüseynova, Azərbaycan Bayrağı ordenli veteran Sevindik İsmayılov tərəfindən mövzu ətrafında geniş məruzələrlə davam etdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın