Füzuli RİH başçısı növbəti səyyar qəbul keçirib - Fotolar
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə məcburi köçkün ailələrinin məskunlaşdıqları 3 nömrəli Qayıdış qəsəbəsində səyyar qəbul keçirib.
Faktinfo.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
A.Alıyev bildirib ki, 980 məcburi köçkünün yaşadığı 3 nömrəli Qayıdış qəsəbəsində vətəndaşların işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün növ imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərinə məcburi köçkün kimi hər ay vahid aylıq müavinət ödənilir.
Səyyar qəbulda Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.
Səyyar qəbulda ayrı-ayrı sahələrə dair məcburi köçkünlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, həlli rayon səviyyəsində mümkün olmayan müraciətlər nəzarətə götürülərək aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılıb.
Bu xəbər üçün şərh yazın