Füzulidə Anım Günü ilə bağlı tədbirlər davam edir — FOTOLAR
Füzuli rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq şəhidlərin əziz xatirələrinin əbədiləşdirilməsi və ruhlarının ehtiramla yad edilməsi məqsədilə tədbirlər davam edir.
Faktinfo.az xəbər verir ki, bu gün rayonun İkinci Mahmudlu kəndində yerləşən məscid RİH-nin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon dindarları tərəfindən ziyarət olundu.
Vətən müharibəsi zamanı 2000-nə qədər şəhidimizin ilk namazının qılındığı bu məscid el arasında şəhidlərin ruhuna ehtiram əlaməti olaraq “ Şəhidlər məscidi” adlandırılır. Anım Günü münasibətilə məsciddə bütün şəhidlərimizin ruhuna dualar oxundu, onlara Allahdan rəhmət diləndi.
Həmçinin, rayonun Bala Bəhmənli kəndində şəhidlərin xarirəsinə ucaldılmış abidənin açılışı oldu.
Abidədə Bala Bəhmənli kəndindən olan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin şəkilləri və məlumatları əks olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri , qazilər, ictimaiyyət nümayəndələri bu gün sözügedən abidənin açılışında iştirak etdilər.
Açılışda çıxış edən rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin müsbət nəticələrindən olduğunu diqqətə çatdırdı. Xalqımıza Qələbə sevinci yaşadan qəhrəman şəhidlərimizin əziz xatirələrinin əbədi olaraq yaşayacağını vurğulayan Alı Alıyev, şəhid ailələrinə və qazilərə həssas münasibət göstərməsinin hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğı ilə yanaşdıqlarını vurğulayan rayon rəhbəri, 27 sentyabr tarixinin məhz Anım Günü olaraq qeyd olunmasını bu diqqətin və qayğının daha bir təzahürü, bu günün bütün şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olduğunu diqqətə çatdırdı.
Millət vəkili Vüqar Bayramov çıxış edərək, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə etdiyimizi bildirdi. Ölkə rəhbərliyinin həssas təbəqədən olan insanları hər zaman diqqət mərkəzində saxladığını vurğulayan Millət vəkili, bu istiqamətdə hazırlanan sosial paketlərin davamlı xarakter daşıdığını bir daha diqqətə çatdırdı.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqətə, qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Bu xəbər üçün şərh yazın