Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etdi
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi qəhrəman ordumuz torpaqlarımızı işğaldan azad etməklə öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirmiş oldu.
Vətən müharibəsində qazandığımız Qələbə tarixi ədaləti bərpa etdi, bəşəriyyət üçün təhlükə olan erməni faşizmini məhv etdi, 30 ilə yaxın kağız üzərində qalmış BMT qətnamələrinin yerinə yetirilməsini təmin etdi.
Azərbaycan ordusunun şanlı Zəfəri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdən biri də Füzuli şəhəri və ətraf kəndlərimizdir. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Qələbə ilə bitən bu hərbi əməliyyatlara Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə başlanmışdır. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Füzuli rayonu olduqca zəngin infrastruktura və tarixi abidələrə malik olan ərazidir. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
17 oktyabr tarixi həm füzulilərin yaddaşına, həm də tariximizə silinməz izlərlə həkk olundu. Çünki, Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Odur ki, Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.
Çətin və uğurlu Füzuli döyüşləri ordumuzun hərbi qüdrətini bir daha təsdiqləməklə yanaşı, qəhrəman oğulların vətən, torpaq sevgisini heç bir “ohanyan səddi”nin buxovlaya bilməyəcəyini bütün dünyaya sübut etdi.
Vətən müharibəsi bir həqiqəti də sübut etdi ki, istənilən şəraitdə Azərbaycan ordusu öz ləyaqətinə sadiq qalır, heç bir təxribata yol vermir. Baxmayaraq ki, namərd, xain düşmən hərbi cinayətlər törədir, dinc əhalini atəşə tutur və bunun nəticəsində azyaşlı uşaqlar həlak olurdu, Azərbaycan Ordusu bu əməllərin qisasını mülki vətəndaşlardan almırdı. Biz döyüş meydanında qisasımızı almışıq və həlak olanların qanı yerdə qalmayıb.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. Azərbaycan xalqı əmindir ki, ölkənin inkişafı, cəmiyyətin rifahı və milli maraqların qorunması naminə bütün lazımi işlər görülüb və görüləcəkdir. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəldilər. İlham Əliyev Füzuli şəhərində Azərbaycan bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Cari ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı oldu.
Füzuli şəhərinin işğaldan azad edilməsinin birinci ildönümündə ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərlə birlikdə olması bizlərə böyük fəxr və qürur verir. Həm Prezident cənab İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman füzulilərə diqqət və qayğı ilə yanaşıblar. Rayonumuzun ərazisində dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr bizə olan xüsusi diqqətin nəticəsidir.
Bildiyimiz kimi Qələbə itkisiz qazanılmır. Vətən müharibəsində qazandığımız Zəfər də şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi hesabına qazanıldı. Füzuli rayonundan 78 nəfər Vətən müharibəsi şəhidimiz, 300-ə yaxın qazimiz var. Rayonumuzdan 3 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirik.
Torpaqlarımızı işğaldan azad edib, 27 illik həsrətimizə son qoyduğuna, müharibənin bitməsindən bir il ötməsinə baxmayaraq, sürətli tikinti-quruculuq işləri apardığına, füzulilərə hər zaman diqqət və qayğı göstərdiyinə görə ölkə başçımız, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığımızı bildiririk.
Gülbahar Eyvazova
Füzuli RİH Başçısının müavini,
İçtimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Bu xəbər üçün şərh yazın