Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən Azad Rəhimovun yerinə kim təyin olunacaq?
Artıq bir müddətdir gənclər və idman naziri vəzifəsinə təyin olunmaq şansı olan şəxslərin adı sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.
Faktinfo.az müzakirəyə çıxarılan şəxslərin siyahısını təqdim edir:
1. Yusif Məmmədəliyev. Birinci vitse-prezidentin köməkçisi olan Yusif Məmmədəliyev ən real namizəd sayılır. Çünki hazırda o, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri olaraq bu sayənin kuratorudur.
2. İntiqam Babayev. Gənclər və idman nazirinin müavini olan İntiqam Babayev Azad Rəhimov xəstələndiyi müddətdə nazir vəzifəsini icra edirdi və hazırda da icraedicidir. Onun bu vəzifəyə təsdiqlənəcəyi ehtimalı istisna edilmir. Kuluarlarda gəzən söhbətlərə görə, İ.Babayev nazir olmağa can atan şəxslərdən birincisidir.
3. Fərhad Hacıyev. Gənclər və idman nazirinin 2 ildən çoxdur müavini vəzifəsini daşıyan 41 yaşlı F.Hacıyevin də şansı yüksək qiymətləndirilir. Harvard Universitetində kurs bitirən, Harvard Kennedi Məktəbinin məzunu olan F.Hacıyevin təhsili də ona bu postu tutmağa şans tanıyır.
4. Fuad Muradov. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adı da gənclər və idman naziri vəzifəsinə namizədlər sırasında hallanır. F.Muradov 2002–2004-cü illərdə Avropa Gənclər Forumunun Maliyyə-nəzarət komissiyasının sədri, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004–2012-ci illərdə isə sədri olub. Onun gənclərlə iş təcrübəsi, eyni zamanda hakimiyyətin etibarlı kadrları sırasında olması adının bu vəzifəyə ən şanslılar sırasında olmasını şərtləndirir.
Qeyd edək ki, daha öncə bu mövzunu ictimailəşdirən Sfera.az saytı 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olmuş Elnur Aslanovun adını da şanslı namizədlər sırasında çəkib.
Bu xəbər üçün şərh yazın