Günel Səfərova deputata cavab verdi
Ata-babalarımızın gözəl yanaşması var - “yıxılanı vurmazlar”. Deputat Fazil Mustafanın arxası "yıxıldığı" üçün mən onun bu açıqlamasına cavab vermək istəməzdim. Amma məsələ VƏTƏN, DÖVLƏT sevgimin sorğulanması olduğundan iddia cavabsız qalmayacaq.
Bu sözləri Axar.az-a Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova millət vəkili Fazil Mustafanın iddialarına cavab verərkən deyib.
G.Səfərova millət vəkilinə çağırış edərək, bu sözlərini diqqətli oxumağı tövsiyə edib:
“Xahiş edirəm ki, mənim sözlərimi diqqətlə oxusun:
“Bu yaxınlarda biri də xalqa “it sürüsü” demişdi. Elman Nəsirov, Fazil Mustafa bunlara görə xalqdan üzr istəməlidir. Bu məsuliyyətsiz çıxışların siyasi tərəfi də var”.
Yazıdakı bu ifadəni bilərəkdən silib, kontekstən çıxarılmış mətn paylaşmaq anlaşılandır. Adam iddia edir ki, xalq onu seçib millət vəkili edib. Etiraf etməyəcək ki, Sizə mən “it sürüsü” demişəm. Özünəbəraət başqasını ləkələmək hesabına olmamalıdır. Bunu ancaq zəiflər edər.
Qaldı ki mənim fəaliyyətimə, bu fəaliyyətin bir hissəsi, bəlkə də böyük bir hissəsi sırf beynəlxalq tədbirlərdə Azərbaycanın milli maraqlarını, dövlət maraqlarını müdafiə etməkdən ibarətdir. Tanrıma şükürlər olsun ki, bunu etmək üçün bilik və bacarıq almağa şərait yaradıb. Amma heyf ki, bunu qarşı tərəfin fəaliyyətində heç görməmişəm. Eyni zamanda beynəlxalq tədbirlərin hər biri müasir dünyada canlı olaraq sosial şəbəkələr vasitəsilə yayımlanır və bütün çıxışlarımı canlı formada təqdim edə bilərəm. Erməni şəbəkəsi ittihamı ilə bağlı da bu gün DTX və DİN-ə müraciət edəcəm. Mən dövlət orqanlarının tam, şəffaf araşdırma aparmasını tələb edirəm və bu faktla bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması üçün bütün hüquqi prosedurları başladacam. Bu günə kimi beynəlxalq təşkilatlardakı fəaliyyətim nəticəsində Azərbaycana vətəndaş cəmiyyətinə və sosial rifahla bağlı sahələrə çox dəstək almışam”.
G.Səfərova Qarabağda böyüdüyünü və müharibənin fəsadlarını Fazil Mustafadan dəfələrlə çox hiss etdiyini vurğulayıb:
“Mənim doğmalarım Qarabağ uğrunda həyatlarını itirib və bu, mənim üçün çox acı bir travmadır. Mənim Feysbuk profilimi izləyən hər bir insan dövlətə, Vətənə necə bağlı olduğumu görə bilir. Təklif edirəm ki, deputat kimi müraciət eləsin və təhlükəsizlik xidməti mənim fəaliyyətimi araşdırsın. Yəni bu qədər şəffaf fəaliyyətdir. Qarabağ Azərbaycanındır, Qərbi Azərbaycan da. Mənim babam, babamın babası və bütün nəslim- köküm orda yaşayıb. O torpaqlar mənimdir və necə ola bilər ki, insan sərsəm açıqlamalar verir. Bu şər-böhtanla bağlı Fazil Mustafanın məsuliyyətə cəlb edilməsi barədə müvafiq qurumlara müraciət edəcəm. Çünki bu təkcə Vətənini, dövlətini sevən, Qərbi Azərbaycan və Qarabağ kökənli birinin ittiham olunması deyil, mənim nəslimin, böyük irsin təhqiridir. O təhqirin cavabı isə mütləq olacaq”.
G.Səfərova ermənilərdən üzr istəmək məsələsi ilə bağlı iddiaları rədd edib:
“Bu iddia hardan çıxarılıb, bilmirəm. İşğalçı, son zamanlar təxribatlar törədən, insanımıza şiddətli amansız münasibət sərgiləyən adamlardan biz niyə üzr istəməliyik? Əksinə, Tovuzda baş verən son hadisə, sərhədlərimizi pozan ermənilərlə bağlı ABŞ Dövlət Departamentinə, konqresmenlərə, senatorlara və bütün beynəlxalq təşkilatlara bəyanat göndərən də, o bəyanatı hazırlayan şəxs də mənəm. Çox təəssüf ki, Fazil Mustafanın bu yöndə fəaliyyəti olmayıb. Buna görə nə dövlətdən, nə də beynəlxalq təşkilatlardan maliyyə alırıq. Dövlətin donor təşkilatlarından pul almayacağımı bəyan etmişəm.
Burda başqa bir məqamı qeyd etmək istəyirəm ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır. Bəli, mən də razıyam ki, həmin adamlar terrorçuların əsarəti altındadır və onları terrorçu ermənilərdən azad etmək də dövlət olaraq bizim işimizdir. Biz Qarabağı geri qaytarmaqla onları da terrorçulardan xilas etməliyik”.
G.Səfərova millət vəkilinə Azərbaycanın 1996-cı ildə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 21 dekabr 1965-ci ildə qəbul olunmuş Beynəlxalq Konvensiyaya qoşulduğunu xatırladıb:
“Həmin Konvensiyanın 4-cü maddəsinin C bəndində qeyd edilir ki, milli, yaxud yerli dövlət hakimiyyəti orqanlarının, dövlət idarələrinin irqi ayrı-seçkiliyi təşviq etməsinə, yaxud onu təhrik etməsinə yol vermirlər.
11-ci maddədə isə deyilir ki, bu halda hökumət mütləq hesabat verməlidir və ya məsuliyyətə cəlb edilə bilər. Yəni mən, sən və ya başqası dediyi sözə görə tam məsuliyyət daşımaya bilər, amma bu, rəsmi şəxsdirsə, onun sözlərinə görə hökumət hesabat verməlidir. Deyə bilərsiniz ki, onda BMT qəbul etdiyi 4 qətnaməyə hörmət edib bizim ərazi bütövlüyümüzü təmin eləsin. Razıyam. Amma hər məsələdə haqlı olmaq məhz bu gün beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsinə səbəb olur. Deputatı qınamıram da, o, konvensiya, qanun oxumur. O, vətəndaşdan son seçkinin heyfini alır, onu aşağılayır və ya nazirdən nə qoparacağı ümidi ilə yaltaqlanır.
Bir daha qeyd edirəm, mən şəffaf fəaliyyət göstərirəm, dövlət qurumları fəaliyyətimi araşdırsın. Qarşı tərəf buna hazırdırmı, onu deyə bilmərəm. Şəbəkədən isə Fazil Mustafanın danışmağa haqqı yoxdur, o şəbəkələrə də, erməni şəbəkələrinə də bizim cəmiyyətdə yer olmayacaq. Bəli, mən şəbəkə üzvüyəm. Bu şəbəkə aztəminatlı ailələrə dəstək şəbəkəsidir, beynəlxalq təşkilatlarda sözü keçən, dövlətini sevənlərin şəbəkəsidir, qadın, uşaq hüquqlarının müdafiəsi sahəsində çalışanların şəbəkəsidir, Qarabağdan olan və xaricdə yaşayan həmyerlilərimizin şəbəkəsidir! Bunların hamısı Votsap qrupları üzərində aparılır. Aidiyyəti orqanlara da təqdim ediləcək”.
Günel Səfərova Fazil Mustafanın üzr istəməli olduğunu qeyd edib:
“Nə qədər gec deyil və nə qədər ki məlumatsızdır, zaman verə bilərəm. Şərhini silsin və üzr istəsin. Çünki bu dəfə qayaya rast gəlib, daş olmasa da. Kimsə, amma kimsə dövlət və vətən sevgimi sorğulaya bilməz!”
Qeyd edək ki, millət vəkili Fazil Mustafa Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovanı erməni şəbəkəsinin mövqeyini ifadə etməkdə ittiham edib.
Bu xəbər üçün şərh yazın