Gürcüstanda siyasi böhran başladı-

Gürcüstanda siyasi böhran başladı- Şəhərin mərkəzi meydanında çadırlar quruldu

Gürcüstanda dünən keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə Bdzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü Arzusu" Partiyası 48,15%, keçmiş prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” isə 27% səs alıb. Avropalı Gürcüstan Partiyası isə3,77% səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Müxalifəti bildirir ki, seçkidə saxtakarlıq olub. Bütün partiyalar arasında prinsipial razılıq əldə olunub ki, parlamentə gedilməsin. Eyni zamanda bu gündən etibarən Tiflisdə kütləvi etiraz aksiyaları başlayır. Şəhərin mərkəzi meydanında çadırlar qurulduğu bildirilir.

Proporsional sistem üzrə MSK-nın açıqladığı rəqəmlərlə paralel səssayma həyata keçirən İSFED (The International Society for Fair Elections and Democracy) təşkilatının rəqəmləri arasında çox az fərq var. Seçkiqabağı rəy sorğuları da hakim partiyanın açıq fərqlə birinci olacağını göstərirdi. Başqa bir göstərici isə "exit poll" rəqəmləridir.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, majoritar dairələrdə pozuntuların olduğuna şübhə yoxdur, çünki ötən bir neçə seçkidə də hakimiyyətin namizədləri yerlərdə inzibati resurslardan, maddi imkanlardan maksimum yararlanıb.

“Lakin proporsional sistem partiyaların gerçək reytinqini və nüfuzunu aydın göstərir. "Gürcü Arzusu" əhalinin 48%-i tərəfindən dəstəkləndiyi halda, onun əsas rəqibi olan Vahid Milli Hərəkatı dəstəkləyənlər 27%-dir”-deyə ekspert vurğulayıb.

Ş Cəfərli seçkidə maraqlı detal kimi bu partiyaların 4 il əvvəlki seçkilərdə də eyni miqdarda səs aldığını göstərir: “Heç nə dəyişməyib. Gürcüstan siyasəti 8 ildir İvanişvili - Saakaşvili ikili rəqabətinin çərçivəsinə sıxışıb, qalıb. Əslində bunu rəqabət yox, şəxsi düşmənçilik adlandırmaq daha doğru olar. Bu ikiqütblü siyasi səhnə müxalifətin böyüməsinə və yenilənməsinə mane olur.

İstedadlı və hiyləgər siyasət mühəndisi olan İvanişvili Saakaşvilinin aqressiv mühacirət müxalifətçiliyindən çox məmnundur. Gürcüstan reallıqlarından uzaq qalmış Mişa ölkə içərisindəki partiyadaşlarına hərəkət sərbəstliyi vermir və informasiya-kommunikasiya radikallığı ilə hər seçki öncəsi ümumi işə zərbə vurur. Onun bu seçkidə özünü baş nazir vəzifəsinə namizəd elan etdirməsi isə yersiz, zərərli, hətta gülünc addım idi”.

Ekspertin qənaətinə görə, fövqəladə hadisələr baş verməsə, "Gürcü Arzusu" daha 4 il hakimiyyətdə qalacaq.

Xatırladaq ki, 2024-cü ildə keçiriləcək növbəti seçki tam proporsional sistem üzrə keçiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi