Güzəştli mənzil satışı başa çatıb – 324 mənzil satılıb

Güzəştli mənzil satışı başa çatıb – 324 mənzil satılıb 

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksində güzəştli mənzillərin satışı, nəhayət ki, baş tutub.

Agentliyin yaydığı məlumata görə, qurumun I layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı prosesinə bu gün saat 15:00-da başlanılıb və mənzillərin seçimi uğurla başa çatdırılıb”.

Məlumatda həmçinin deyilir ki, ölkə prezidentinin 24 may 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq, satışa çıxarılan 324 mənzilin seçimi “Elektron hökumət” portalı (e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib.

Bu saata olan məlumata görə satışa çıxarılmış 324 mənzilin hamısı artıq seçilib. Seçilmiş mənzillərin 70 faizdən çox hissəsi artıq vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

MİDA inzibati binasında yaradılmış operativ qərargahda mənzillərin seçimi prosesi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Elektron Hökumətin İnkişafı Mərkəzi” və “Ernst & Young” şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Xatırladaq ki, satış bu gün saat 11.00-da olmalı idi. Lakin “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminin işində problem yarandığı üçün saat 15.00-a təxirə salınmışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər