Hacı İbrahim Nehrəmlinin qardaşı ilə bağlı məhkəmə qərar verdi
Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cəzası artırılıb.
Report.az xəbər verir ki,bu barədə vəkil Xəqani İmanov məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilib.
Belə ki, S.İbrahimov 6 il 7 ay 21 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2-ci ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur.
İttihama aktına əsasən, İİbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənib. S.İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.
Onun digər cinayət əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.
Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan S.İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.
Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.
S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ona şərti cəza verilib.
Xatırladaq ki, S.İbrahimov digər cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər üçün şərh yazın