Hacı İbrahimin kitabı birdəfəlik bağlandı... - "Xəzər adaları" da dənizə gömüldü..
…İbrahimovlar erası bitdi.
Əslində de-fakto süquta uğramışdılar. Ötən gün verilən sərəncam isə bu ailənin “imperiyası”na son qoydu.
Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsi sədrliyi postuna təyinat almaması qardaşları Sahil İbrahimov və İbrahim İbrahimovun üzərində xeyli vaxtdır ki, “qara bulud”lar dolaşan bizneslərinin çöküşünü sürətləndirdi.
► Nazim İbrahimovun gedişi…
Xüsusilə də böyük qardaşı Hacı İbrahim Nehrəmlinin milyardlıq layihəsi olan “Xəzər adaları”ının dənizdə batdığını söyləmək olar.
Bir zamanlar guruldayan, mətbuatda piarını aparan, layihənin sxemini təyyarədə dizi üstündə yazması ilə öyünən İ.Nehrəmlinin “Xəzər adaları” “aysberqə” rast gəldi.
Hacı İbrahimin Beynəlxalq Bank işində “Bandotdel”ə çağırılması, kreditlərin ödənişində üzləşdiyi cəncəl artıq layihənin qara zolağa girdiyini göstərirdi.
İş adamı müsahibələrində də vəziyyətin çətinləşməsindən gileylənirdi. Qardaşı N.İbrahimovun isə vəzifəsiz qalması “Xəzər adaları”nın onun əlindən alınmasına gtirib çıxarıb.
AzEuroNews.com-a verilən xəbərə görə, “Xəzər adaları” layihəsinin tikintisi xeyli zamandır ləngiyib, xərclənən milyonlar isə heç bir nəticə verməyib.
Bu projenin Hacı İbrahimdən alınaraq “Paşa holdinq”ə verildiyi haqda məlumatlar dolaşmaqdadır. Hətta “Avesta” konserinin fəaliyyətinə xitam veriləcəyi bildirilir.
► İxtisarlar gedib, investorlar qaçıb…
Şirkət böhran içindədir, yüzlərlə işçisini ixtisar etməli olub, layihələr dayanıb. N.İbrahimovuv komitə sədrliyindən çıxarılması bu prosesi daha da intensivləşdirib.
Vaxt ikən “Xəzər adaları” layihəsini qəzetlərin manşetlərinə daşıyan, Türkiyədə məhşur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmen öz hücrəsinə çəkilib.
Fələyin çarxı elə çevrildi ki, iş adamı tamamilə batdı və “Xəzər” adaları nağılının “göydən üç alma düşdü” epiloqu ilə bitdiyini söyləyənlər var.
Layihənin həyata keçirilməsinə 1 milyard 157 milyon dollar vəsait xərcləndiyini bildirən iş adamı bu vəsaitin cəmi 57 milyon dollarının Azərbaycan Beynəlxalq Bankının verdiyi kredit olduğunu, qalan məbləğin isə özünün şəxsi vəsaiti olduğunu bəyan edib.
Amma görünür ki, xarici investorlar Hacı İbrahimə yaxın əglmək istəməyiblər.
► İki ildir donan proje
Xatırladaq ki, “Avesta Konserni” MMC-nin prezidenti hələ də “Xəzər adaları” layihəsinin gerçəkləşəcəyinə ümidlidir. Bu barədə modern.az-a danışan iş adamı yeni il başlayandan danışıqlar apardığını deyib:
“İl yenicə başlayıb. Bu ilin uğurlu olacağına inanıram. İnvestorlarla da danışıqlar gedir. İnşallah yaxşı olacaq”.
Amma 4 ay keçib və heç bir hərəkətlilik yoxdur. Hacı İbrahim bundan əvvəl açıqlamada 2016-cı ilin oktyabrın 1-dən etibarən işlərə başlayacağını desə də, bu vaxta qədər hansısa fəaliyyət nəzərə çarpmır.
“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.
Layihə “Avesta” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır.
Ada şəhərcikdə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikilməlidir (tikilərsə dünyanın ən hündür binası olacaq).
► Mövzu ilə bağlı “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli ilə əlaqə yaratmaq cəhdimiz heç cürə alınmadı, onun da mövqeyini öyrənib dinləməyə hazırıq…
Bu xəbər üçün şərh yazın