Hacı Qalibdən Rəsul Quliyevin ölkəyə gəlmək istəyinə reaksiya - “O, həbsdən qorxan adamdır...”
Eks-spiker Rəsul Quliyevin Azərbaycana qayıdacağı ilə bağlı xəbərlərə Hacı Qalib Salahzadə münasibət bildirib.
Hacı Qalib Salahzadə “Yeni Müsavat”a deyib ki, Rəsul Quliyev ölkəyə gələ bilməz. Çünki həbsdən qorxur:
“Rəsul Quliyev yenidən ölkədə xaos yaratmaq üçün ortaya “vətənə dönürəm” mövzusunu atır. O, hər dəfə “vətənə dönürəm” iddiası ilə çıxış edəndə ölkədə qarışıqlıq yaranır. Sonra da məlum olur ki, Rəsul Quliyevin ölkəyə gəlmək cəsarəti yoxdur. Biz 2005-ci ildə bunun şahidi olduq. O, Azərbaycana gəlmək adı ilə ABŞ-dan Ukraynanın Simferepol hava limanına gəldi və orada həbs olundu. Onun barəsində cinayət işi var və beynəlxalq axtarışa verilib. Düşünürəm ki, Rəsul Quliyev Azərbaycana gəlsə, dərhal həbs olunacaq. O isə həbsdən qorxan adamdır, ölkəyə gəlməyəcək”.
Hacı Qalib deyib ki, sabiq spiker Rəsul Quliyevin ölkəyə gəlişinə “yaşıl işıq” yandırılması və hətta buradakı mülklərinin ona qaytarıldığına dair məlumatlar dərc olunub: “Məsələ ilə bağlı jurnalistlər mənimlə də əlaqə saxlamaq istəyiblər, amma Həcc ziyarətində olduğum üçün cavab verə bilməmişəm. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu mətbuata açıqlamasında deyib ki, Rəsul Quliyevin birbaşa özünün Azərbaycanda hər hansı bir əmlakı yoxdur. Guya mülklər Rəsul Quliyevin yaxınlarına məxsusdur. Burada söhbət Bilgəh kəndində mənə məxsus olan, dəyəri milyonlarla manat olan mülkdən gedir. Ağasif Şakiroğlu deyib ki, guya 2010-cu ildə həmin əmlaklarla bağlı Ali Məhkəmənin qərarı var. Bəyan edirəm ki, Bilgəh kəndində Rəsul Quliyevin heç bir torpağı, əmlakı yoxdur. Onun Azərbaycandakı havadarları mənə qarşı oyun qurublar. Rəsul Quliyev ölkədən gedəndə Ağasifin 7 yaşı vardı, onların arasında heç bir qohumluq bağı da yoxdur. Hazırda Bilgəhdəki həmin mülklə bağlı 3 nəfər Ağasif Şakiroğlunu məhkəməyə verib. 2 dəfə məhkəmə olub, o gəlməyib. Hakim növbəti iclası yanvarın 17-nə təyin edib. Ağasif deyir ki, 2010-cu ildə Ali Məhkəmə Rəsul Quliyevin xeyrinə qərar qəbul edib. Həmin il Səbail rayon Məhkəməsi Rəsul Quliyev barəsində həbs qəti imkan tədbiri seçmişdi. İndi nə dəyişib? Orada çox adamın bağı var. Yalnız Ağasifin yaşadığı bağ evi qorunur. Mən açıq danışıram. Bu işlər nə Rəsul Quliyevlikdir, nə də Ağasiflik. Bunları idarə edən yüksək ranqlı məmur var. Rəsul Quliyevin hər zaman məmurlarla əlaqəsi olub. Yadınıza salın 2005-ci ili. Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev, Fikrət Yusifov kimi adamlar Rəsulla əməkdaşlıq etdikləri üçün həbs edilmişdilər. İndi də Rəsul Quliyevlə əlaqələri olan, onunla əməkdaşlıq edən məmurlar var və onlar çalışırlar ki, sabiq spikeri ölkəyə gətirib, burada qarışıqlıq yaratsınlar. Necə deyərlər, suyu bulandırıb balıq tutsunlar. Hazırda bu istiqamətdə işlər gedir. Amma alınmayacaq”.
Hacı Qalib Salahzadə qeyd edib ki, Rəsul Quliyev ölkəyə gələrsə, məhkəmə qarşısında dayanacaq: “Milyonlarla manat dövlət vəsaitini mənimsəmiş, dövlət əmlakını talamış, dövlət çevrilişinə cəhd etmiş, ölkə Prezidentinin barəsində nalayiq ifadələr işlətmiş bir adam əlini-qolunu sallayıb, rahat ölkəyə gələ bilməz. O, Saakaşvili deyil ki, heç nədən qorxmadan vətənə qayıda bilsin. Özü də bilir ki, keçmişi cinayətlərlə doludur”.
Qeyd edək ki, bir müddət əvvəl sabiq spikerin hakimiyyətlə anlaşdığı, vaxtilə üzərinə həbs qoyulan, əlindən alınan əmlaklarını da geri alacağı xəbəri yayılmışdı. Yayılan xəbərlərlə bağlı Rəsul Quliyev Azpolitika.az saytına demişdi ki, istədiyi vaxt vətənə gələ bilər.
Eks-spikerin son illər hakimiyyəti müdafiə etdiyi açıq görünür. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra müxalif mövqeyindən geri çəkilərək, açıq şəkildə hakimiyyəti, Prezident İlham Əliyevi, bəzi hallarda hətta ayrı-ayrı nazirləri müdafiə edən çıxışlar edir, eyni zamanda da hakimiyyətin rəqiblərinə əsaslı-əsassız hücumlar edir. Bu zaman isə bəzən o, hakimiyyətin çoxillik dəstəkçilərindən də irəli getməkdən çəkinmir. Rəsul Quliyevin ölkəyə qayıtmasının təsdiqi kimi isə ona Bakıdakı çoxsaylı daşınmaz əmlaklarını yenidən idarə etmək şansının tanınması göstərilirdi. Xüsusən əvvəllər Rəsul Quliyevə məxsus olmuş, lakin sonradan Hacı Qalib Salahzadənin istifadəsinə keçən əmlakların məhkəmə qaydasında Rəsul Quliyevə geri qaytarılması, həmçinin şəhərin mərkəzində, o cümlədən İçərişəhərdə ona məxsus, lakin uzun illərdir nə istifadə edə, nə də sata bildiyi çoxsaylı əmlaklarının da özünə qaytarıldığı vurğulanırdı.
Bu xəbər üçün şərh yazın