Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının tarixi binasında yenidən quruma işləri ilə tanış olub

Hafiz Paşayev Qazax Müəllimlər Seminariyasının tarixi binasında yenidən quruma işləri ilə tanış olub 

ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binası əsaslı şəkildə yenidən qurulur.

Ötən il oktyabrın 1-də ADA Universitetinin milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Seminariyanın qarşısında keçirilən tədbirdə ADA Universitetinin Fondu və tərəfdaşları arasında Qazax Müəllimlər Seminariyasının bərpa və yenidənqurma işlərini birgə həyata keçirmək məqsədilə imzalanmış Niyyət sazişinə əsasən tarixi binaya yeni görkəm verilir.

ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi sayılan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi həm onun yenidən istifadəsini mümkün edəcək, həm də tarixi bina kimi gələcək nəsillərə ötürülməsinə bir ərməğan olacaq. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpasıdır. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri məhz burada yazılacaq.

Avqustun 22-də ADA Universitetinin rektoru Hafiz Paşayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və digər aidiyyəti şəxslər Qazax Müəllimlər Seminariyasında, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”nda, Qazax “Cümə” məscidində görülmüş işlərlə yaxından tanış olublar.

Bu barədə Faktinfo.az saytına Universitetdən məlumat verilib.

Seminariyanın bərpa işlərini həyata keçirən layihəçi və baş podratçı “PMD PROJECTS” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev, Seminariyanın bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev və tikinti sahəsinin rəisi Muxtar Həmidov görülmüş işlər barədə ətraflı məlumat verərək bütün işlərin sürətlə davam etdirildiyini bildiriblər.

ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində Qazax Müəllimlər Seminariyasının tarixi binasını əsaslı şəkildə yenidən qurmasını ziyalılar da yüksək dəyərləndirir. Seminariyanın bərpası gələcəyimiz olan gənclərin təhsilinə, inkişafına verilən töhfə kimi qiymətləndirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi