HƏRBİ CİNAYƏTKAR MOSKVADAN 3 MİLYARD İSTƏYİR VƏ...

HƏRBİ CİNAYƏTKAR MOSKVADAN 3 MİLYARD İSTƏYİR VƏ... - "Rusiya Türkiyəyə məğlub olub" deyir

Koçaryan müharibənin nəticəsini Rusiyanın Türkiyəyə məğlubiyyəti kimi qələmə verir.

“Türkiyənin regiona təsiri güclənir. Biz Rusiyanın hərbi-siyasi müttəfiqi kimi uduzduq, Azərbaycan isə Türkiyənin müttəfiqi olaraq qalib gəldi.”

Bu fikirləri Ermənistanın sabiq Prezidenti Robert Koçaryan Rusiya KİV-lərinə verdiyi müsahibədə səsləndirib.

Qarabağda çoxsaylı hərbi cinatyətlərin, mülki əhaliyə qarşı terrorun təşkilatçısı və icraçısı olan Koçaryan göründüyü kimi, müsahibəsində özünün və uzun illər başçılıq etdiyi klanın digər təmsilçilərinin yaratdıqları işğalçı ordunun cəmi 44 günə darmadağın edilməsini Ermənistanın Azərbaycana deyil, Rusiyanın Türkiyəyə məğlubiyyəti kimi qələmə verir. Və bununla da növbəti dəfə ermənilərin əsrlər boyu Rusiya və Türkiyə arasında davam edən nüfuz mübarizəsində “çömçə” rolu oynadığını, ara qızışdırmaqla, qulbeçəlik etməklə məşğul olduğunu və heç nəyin dəyişmədiyini təsdiqləmiş olur.

Koçaryan sonrakı fikirlərində də bu xətti davam etdirərək, Ermənistanın Rusiyaya mümkün qədər daha çox inteqrasiya olunmasından danışıb: “Məncə biz Rusiya ilə elə bir inteqrasiya fomulu tapmalıyıq ki, bu, bizim silahlı qüvvələrimizin tezliklə bərpa olunmasını təmin etsin...”

Yəni demək istəyir ki, onsuz da müstəqilliyindən elə bir ciddi əsər-əlamət qalmayan Ermənistan Rusiyaya daha da “pərçim edilməli” və yenə Rusiyanın hesabına ordusunu bərpa etməlidir.

Koçaryan hətta bunun üçün lazım olan vəsaitin miqdarını da səsləndirib. Əslində, öz fikri olsda da, hansısa hərbi ekspertlərə istinad edən sabiq prezident deyib ki, erməni ordusunun bərpasına 3 milyard dollar lazımdır: “Bununla da silahlı qüvvələri regiondakı ən yüksək döyüş qabiliyyətli ordu kimi bərpa etmək lazımdır.”

Ancaq yəqin ki, buna deyərkən, Azərbaycanın 44 günə məhv etdiyi ordunu nə fiziki, nə mənəvi, nə də texniki cəhətdən yaxın gələcəkdə bərpa etməyə heç bir maddi vəsaitin yetməyəcəyini özü də anlayır...

O, əlavə edib ki, indiki hökumət müharibədəki canlı qüvvə və hərbi texnika sarıdan baş verən itkiləri gizlədir. Koçaryan bu müsahibəsində növbəti dəfə Ermənistanın indiki hökumətini ittiham edərək, onun bilərəkdən müharibədə erməni ordusunu məğlub etdirdiyini iddia edib. Onun fikrincə, müharibənin gedişində hökumət başçısı şübhəli qərarlar qəbul edib ki, bunların da sırasında əsas yerlərdən birini Nikol Paşinyanın səfərbərliyi dayandırması tutur.

Lakin Koçaryan nədənsə onun özünün və xələfi Serj Sarqsyanın dövründə Rusiyadan alınan, lakin müharibə zamanı özünü heç də yaxşı tərəfdən göstərməyən silahlar, eləcə də sialh alış-verişindəki korrupsiya faktları, Ermənistan ordusunda kök salan korrupsiya, başıpozuqluq, əvəzində milyonçulara çevrilən “qəhrəman generallar” və s. barədə danışmayıb.

Özünü erməni xalqının xilaskarı kimi qələmə verməyə çalışan eks-prezident müharibənin gedişində Moskvaya təcili səfərinin koronavirus testinin pozitiv çıxması səbəbindən baş tutmamasına da toxunub. 

Koçaryan iddia edib ki, həmin vaxt testinin pozitiv çıxması Paşinyan hökumətinin quraması olub, onun testinin nəticələri saxtalaşdırılıb və bununla da Moskvaya səfəri baş tutmayıb. 

Bu hadisəni “qaranlıq tarix” adlandıran Koçaryan çox şeylərə Paşinyanın istefasından sonra aydınlıq gətirəcəyini iddia edib. Bununla da ermənilərə növbəti dəfə kələk gələn Koçaryan elə görüntü yaratmağa çalışıb ki, guya müharibənin qızğın vaxtında, oktyabrın sonlarında Moskvaya gözlənilən səfəri baş tutsaydı, hər şey başqa cür olacaqdı.

Deməli, bu varlıq öz xalqını guya onun bircə səfərinin regionda vəziyyəti dəyişəcəyinə, müharibənin taleyini həll edəcəyinə inanacaq qədər abdal hesab edir. Ancaq ardınca da sözügedən müsahibəsində deyib ki, müharibə dövründə Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü olmasa da, Rusiya liderinə öz düşüncələrini və mövqeyini çatdırmaq imkanları olub. Eləysə, Putinə bu cür çıxış imkanları olduğu halda, həmin vaxt Moskvaya səfər etmək niyyətinin hansı səbəbdən qaynaqlandığını söyləməyib...

Koçaryan həmçinin növbədənkənar seçkilər keçirilərsə, həmin seçkilərdə iştirak etməkl istədiyini və Baş nazir postuna iddialı olduğunu deyib. 

Ermənistanın sabiq prezidentinin son fikirlərinə Kremlin sözçüsü Dmitri Peskovdan münasibət istəyən jurnalistlərə cavabında Rusiya rəsmisi deyib ki, Moskva Koçaryanı özünə “dost siyasətçi” hesab edir.

Lakin onun öz addımlarını Moskvayla, Putinlə razılaşdırdığına dair iddialar doğru deyil. Bununla yanaşı, Koçaryanı bir xeyli tərifləyən Kreml sözçüsü onun Rusiya-Ermənistan əlaqələrinə böyük töhfələr verdiyini vurğulayıb və bununla da bir növ növbəti dəfə Ermənistandakı rusiyapərəstlərin kimə stavka etməli olduqlarına eyham vurmuş olub...

Görünən odur ki, Koçaryan revanşist hərəkatın başında hakimiyyətə gəlmək istəyini gizlətmir, hətta ordunun bərpası üçün lazım olan məbləği də səsləndirir. Lakin o da görünür ki, bu planları yerinə yetirmək asan olmayacaq. Çünki öz ölkəsində “itdən urvatsız” vəziyyətə düşən Koçaryanı Rusiya dəstəkləsə də, ermənilərin böyük əksəriyyətinin ona münasibəti mənfidir.

Paşinyan isə Levon Ter-Petrosyan deyil və möhkəm dayanıb. Ən əsası - Azərbaycan artıq onun vaxtilə məlum qüvvələrə arxalanaraq, asanlıqla bütün insanlıqdan kənar davranış və cinayətlərlə torpaqlarını zəbt etdiyi əvvəlki Azərbaycan deyil. Və Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkəmizə tərəf kəm baxanın başını əzməyə qadirdir.

Cəlal Məmmədov

“AzPolitika.info”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi