Heydər Əliyevin Naxçıvana rəhbərliyi zamanı Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözləri götürüldü- Aqiyə Naxçıvanlı
"1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir.
Bu tarixi əhəmiyyət kəsb edən təşəbbüsün nəticəsi olaraq həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. O dövrdə keçmiş SSRİ-nin tərkibində olmuş bir çox respublikalarda olduğu kimi, Azərbaycanda da Sovet imperiyasının bərpasına ümid edən və bunu arzulayan qüvvələr hələ də mövcud idi. Məhz bu qüvvələrin səyləri nəticəsində 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlməsi əngəlləndi və iki gün sonra, 22 iyul tarixində Ulu Öndər Naxçıvana yola düşdü. Halbuki, həmin dövrdə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsi Azərbaycanı növbəti iki il ərzində üzləşməli olduğu bir çox faciələrdən qoruya bilərdi. Lakin Azərbaycan xalqı artıq o zaman öz xilasının yalnız Heydər Əliyevin hakimiyyətə qayıtmasında olduğunu bilirdi. Məhz bu qayıdışı zamanı gəldikdə reallaşdırmaq üçün 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat,1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçil seçildi.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Azəbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə ölkənin müstəqilliyinin bərpa olunması istiqamətində zəruri addımlar atdığını vurğulayaraq bunları deyib: “1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Vacib məqamlardan biri də budur ki, həmin qərarda Azərbaycan Respublikasının ali qanunverici orqanına da Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması, respublikamızın yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi.Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Ulu Öndərin çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Məhz həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu."
Fikirlərini davam etdirən A.Naxçıvanlı müasir müstəqil Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi çıxış etdiyini bildirib: “1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi və Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyəti cəmi 23 ay davam edəm qısa fəaliyyəti dövründə mühüm işlər gördü. Bu işlərin ən əhəmiyyətlisi Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk demokratik Azərbaycan dövlətinin, hökumətinin təsisatları da məhz həmin dövrdə yarandı. Bütün bunları yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev məhz Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü müstəqillik günü kimi dəyərləndirib.
Qeyd olunmalıdır ki, yalnız 1993-cü ildə Ulu Öndərin ölkədə siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi.Ulu Öndərin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Birmənalıdır ki, partiya məhz Ulu Öndər ətrafında yaradılmışdır. Ümummilli Liderin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrilmişdir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bu xəbər üçün şərh yazın