Hollandiya şirkəti Azərbaycanın sərhəd bölgələrində layihə həyata keçirə bilər
Hollandiya şirkəti Azərbaycanın sərhəd bölgələrində layihə həyata keçirə bilər
Müsahibimiz Qərbi Kaspi Universitetinin məzunu, daha sonra Hollandiyada təhsil alan və hazırda bu ölkədə karyerasını uğurla davam etdirən Lalə Mustafazadədir. Onunla söhbətimizin tələbələrimiz, eləcə də uğurlu karyera arzusunda olan gənclər, məktəblilər üçün maraqlı olacağına inanırıq.
- Gəlin, elə ali təhsil illərinizdən başlayaq. Necə xatırlayırsınız bu illəri?
Qərb Universitetində Regionşünaslıq fakultəsini bitirmişəm. Əslində, etdiyim seçimdən çox razıyam. Fikrimcə, Qərb Universiteti tələbələrə münasibət, müəllim heyəti, təhsilin keyfiyyəti baxımından başqa universitetlərdən daha fərqlidir. Ən çox müəllimləri xatırlayıram. Doğurdan da hər biri mənə gələcəyimi müəyyən etmək üçün bir stimul olub. İngilis dilində olan dərslərdən daha çox öyrənməyə çalışmışam. Həvəsləndirici amillərdən biri də müəllim heyətinin böyük bir hissəsinin xaricdə təhsil almaları idi.
- Daha sonra Niderlandda təhsilinizi davam etdirmisiniz. Bir qədər də bu barədə.
Təhsilimi davam etdirmək üçün Niderland Krallığının ən qədim universiteti olan Leiden Universitetini seçmək qərarına gəldim. Həmin zaman Fövqəladə Hallar Nazirliyində çalışdığımdan, təhlükəsizliyin idarəedilməsi sahəsində biliklərimi daha da dərinləşdirmək istəyirdim. Leiden Universiteti tərəfindən təklif olunan Təhlükəsizliyin İdarəedilməsi Maqistr Proqramına müraciət etdim. Universitetə qəbul çox çətin olmasa da, universitetdə oxumaq heç də asan deyildi. Yuxusuz gecələr, stress, vaxt azlığı və hətta universitet vaxtı velosipeddən yıxılaraq ayağımı qırmağım kimi hadisələrlə üzləşdim. Bütün bunlara baxmayaraq bir il ərzində magistr təhsilimi müvəffəqiyyətlə başa vurdum.
- Sizcə, xaricdə təhsil nə qazandırır, bunun hansı üstünlükləri var?
Xaricdə təhsil almaq insanı əzbərçilikdən uzaqlaşdırır. İmtahanlar, seminarlar zamanı müəllimlər sənin öz şəxsi fikrinlə, mövzuya olan münasibətinlə maraqlanırlar. İlk əvvəllər bu mənə bir qədər çətin gəlirdi. Bir müddət sonra bu sistemə uyğunlaşdım. Xaricdə təhsil almaq mənim dünyagörüşümü genişləndirdi və çoxlu dost qazandırdı.
İş həyatınıza Fövqəladə Hallar Nazirliyində başlamısınız. Daha sonra isə NATO-da təcrübə keçmisiniz. Beynəlxalq təşkilatla əməkdaşlıq sizə nələr qazandırdı?
Bəli, iş həyatıma FHN-də başladım. FHN mənə fəhlükəsizliyin idarəedilməsi sahəsində bir çox qapılar açdı. İş zamanı NATO, Avropa Birliyi, George Marshall Mərkəzi, KOİCA kimi təşkilatlarda qısa müddətli kurslar keçirdim.
Leiden Universitetini bitirdikdən sonra isə Haaqa şəhərində yerləşən NATO elmi mərkəzində praktika imkanı qazandım və bunu dəyərləndirməyi qərara aldım. Praktika müddətində 2 elmi araşdırma yazıım çap olundu. Hal-hazırda bu yazılar mərkəz tərəfindən istifadə olunur.
NATO-da təcrübə proqramını bitirdikdən sonra isə Deloitte Şirkətinin Təhlükəsizliyin İdarəedilməsi və Davamlılıq idarəsində iş təklifi aldım. Hal-hazırda burada baş konsultant vəzifəsində çalışıram.
Beynəlxalq təşkilatlarda işləmək çox fərqlidir. İşə qarşı münasibət tamam başqadır. Beynəlxalq Təşkilatlarda işləyərək müxtəlif ölkələrdən, müxtəlif mədəniyyətlərdən olan insanlara birgə işləyirəm. Təbii ki, çox fərqli yanaşmaları, iş bacarıqlarını müşahidə edirəm və onlardan öyrənirəm.
- Səhv etmirəmsə, indi həm də öz stratup layihənizlə məşğulsunuz. Bir qədər də bu layihə barədə.
Bəli, işdən əlavə Haaqada Alman iş yoldaşım Nils Hegel ilə öz qeyri hökümət təşkilatımızı (MİNE MARK) yaratmışıq. Mine Mark uşaqları və gəncləri minalardan, partlayıcı döyüş sursatlarından və müharibə qalıqlarından qorumaq məqsədi ilə həyata keçirilən mina təhlükəsizliyi üzrə təhsil layihəsidir. Biz BMT-nin Mina Aksiyası Mərkəzinin təlimatlarını uşaqlar üçün kitab və oyunlara çevirərək anlaşılan dilə tərcümə etmişik. Proqrama uşaqlar tərəfindən marağın olması və onlar tərəfindən sevilməsi üçün komikslər və qəhrəmanlar yaratmışıq. Uşaqlar layihənin mərkəzində yerləşir və qəhrəmanlardan öyrənirlər.
Hal-hazırda həmin proyekti Azərbaycanın sərhəd bölgələrində yerləşən məktəblərdə icra etməyi planlaşdırırıq. Niderlandın Haaqadakı səfirliyi və Diaspora Komitəsi bizi bu sahədə çox dəstəkləyir. Təşkilatımızda çoxlu sayda könüllüləri və məsləhətçiləri vardır. Proyekti saytımızdan və facebook səhifəmizdən izləyə bilərsiniz: www.minemark.org
- Necə hesab edirsiniz, əmək bazarında uğur qazanmaq üçün təhsil illərində tələbələr nələrə xüsusi olaraq diqqət yetirməlidirlər? Hansı imkanları dəyərləndirməlidirlər?
Məncə hal-hazırda təhsil önəmlidir amma yetərli deyil. Təhsildən kənarda sosial işlərlə məşğul olmaq, dil öyrənmək, müxtəlif şikətlərdə təcrübə keçmək çox vacibdir. Təhsillə paralel qazanılan təcrübə iş həyatı üçün olduqca əhəmiyyətli rol oynayır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın