Hüquq elmləri doktoru, professor İbrahim Quliyevin 71 yaşı tamam oldu
İbrahim Quliyev Lənkəran şəhərində dünyaya göz açıb. Sonra ailələri Liman şəhərinə köçüb.
İbrahim Lənkəran şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbində bir il oxuduqdan sonra təhsilini Liman şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbində davam etdirib. Orta məktəbdən sonrakı fəaliyyətinin bir hissəsi Rusiya Federasiyası ilə bağldır. Moskvada SSRİ DİŞ-in Ali Məktəbini bitirdikdən sonra Rusiyanın Kirov vilayətində uzun illər polis rəisi işləyib.
Sovet milisinin 60 illik yubiley tədbirindəki rus dilində səlis, məzmunlu çıxışı Azərbaycanın DİŞ naziri Arif Heydərovun da diqqətini cəlb edir. Fasilə zamanı İttifaqlar Evinin sütunlu salonunda İbrahim Quliyevlə görüşür, onu Azərbaycana dəvət etmək istədiyini bildirir. SSRİ DİŞ-də İbrahim Quliyevin Rusiyada gərəkli kadr olduğunu bildirsələr də, Arif Heydərov həmyerlimizin Azərbaycana qayıtmasına nail olur.
İbrahim Quliyev Daxili İşlər Nazirliyində fəaliyyətə başlayır. Gəncə hadisərinin qızğın dövründə SƏDM-in müavini təyin olunur, qısa müddətdən sonra isə polis rəisi. Gəncədəki 11 illik fəaliyyət dövründə necə işləyibsə, bu gün də nə gəncəlilər İbrahim müəllimi unudur, nə də İbrahim müəllim gəncəliləri. Sonrakı fəaliyyəti Quba, Yevlax, Yardımlı rayonları ilə bağlıdır.Astara rayon polis şöbəsinin rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqaləda vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda hücumlara da məruz qalır. 7 günlük həbs olunsa da, əqidəsindən dönmür. Yenə işinə qayıdır, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Separatçılar tam zərərləşdiriləndən sonra Heydər Əliyev cənabları İbrahim Quliyevi və bir qrup lənkəranlını qəbul edir. İbrahim Quliyevin fəaliyyətini xüsusi dəyərləndirir. İbrahim Quliyevi Astara rayon İcra Hakimiyyətinin başçısı təyin edir. İbrahim Quliyev Astaradakı 10 ilə yaxın fəaliyyətilə necə rəğbət qazanıbsa, bu gün də astaralıların ən doğma, ən sevilən insanlarındandır. Həmin illərdə Azərbaycanın ürəyi sanki Astarada döyünürdü. Yubileylər, digər unudulmaz tədbirlər bu gün də iştirakçıların xatirindədir.
İbrahim Quliyev Astaraya gələnədək böyük məktəb keçmişdi, böyük təcrübəyə malikdi.Moskvada İdarəçilik Akademiyasının 1-ci fakültəsini Fərqlənmə diplomuyla bitirmişdi.Məlumdur ki. Azərbaycandan həmin fakültəni bitirən kadrlar barmaqla sayılası qədərdir.
İbrahim Quliyev öz ərizəsilə Astara rayon İcra Hakimiyyəti başçılından azad olunduqdan sonra Moskvada doktorantura təhsilini davam etdirir. Elmi işini müdafiə edib hüquq elmləri doktoru olur. Bir alim olaraq akademik Arif Paşayevin rəhbərlik etdiyi akademiyada fəaliyyətə başlayir. Hüquq kafedrasının müdiri, Elmi Şuranın sədri seçilir. Professor İbrahim Quliyev 56 elmlər namizədinin, 5 elmlər doktorunun rəhbəri olub.
İbrahim Quliyev ötən ildən öz ərizəsilə işdən azad olunub, hazırda təqaüddədir. Lakin elmi yaradıcılığını davam etdirir, respublikanın qaynar həyatında fəal iştirak edir. Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri, Ağsaqqallar Şurasının məclis üzvüdür.
Ömrünün müdrik çağını yaşayan İbrahim Quliyevə sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayıram.
Sevda Əlibəyli,
"Söz" jurnalının baş redaktoru
Bu xəbər üçün şərh yazın