Hüseyn Abdullayev azadlığa çıxmaq istəmir - “Qan qussam da…”
Sabiq deputat Hüseyn Abdullayev azadlığa çıxmaq imkanlarının üstündən bir-bir xətt çəkir. Əgər o, məhkəmədəki son sözündə hökumət əleyhinə çıxış etmişdisə, indi də “həyatım boyu əfv istəmərəm” deyir…
Bir neçə gün öncə Hüseyn Abdullayevin əfv üçün müraciət etməsi barədə məlumat yayılmışdı. Amma dustağın anası Zeynəb Abdullayeva əfv məlumatını təkzib etmiş, bildirmişdi ki, ölkə rəhbərliyinə əfv üçün yox, oğlunun işinə ədalətli baxılması üçün müraciət edib.
Zeynəb Abdullayeva yazdığı məktubla bağlı bildirir ki, bunu oğlundan gizli edib: “Mən məktubumda ana olduğumu, 70 yaşımda oğlumun həbsdə qalmasına dözə bilmədiyimi, onun günahsız olduğunu və azadlığa buraxılmasını xahiş etmişəm. Amma məktubun cavabı Hüseyn Abdullayevə göndərilib. Məktubda isə yazılıb ki, guya o, əfv üçün müraciət edib”.
Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə iclası Bakı Hərbi Məhkəməsində keçiriləndə də onun anası ilə həmfikir olmadığı müşahidə edilirdi. Zeynəb Abdullayeva oğlunu hökumət əleyhinə çıxışlardan çəkindirməyə çalışırdı. Çox zaman o, buna nail olurdu. Hətta əli ilə Hüseyn Abdulayevin ağzını da tuturdu. Anası istəmirdi ki, oğlu bundan sonra deyəcəyi sözlərlə öz durumunu daha da çıxılmaza salsın.
Amma prokuror Hüseyn Abdullayevə ağır cəza istədikdən sonra o, son sözündə hökumət rəsmilərinin ünvanına ağır ifadələr işlətdi. O zaman Zeynəb Abdullayevanın halı pisləşdi, təcili yardım çağırıldı. Çünki Zeynəb Abdullayeva son ana qədər oğlunun azadlığa buraxılacağına ümid edirdi. Hətta oğlunun azadlığa çıxması üçün elan edilən ittihamları da öz üzərinə götürürdü. Bildirirdi ki, övladının biznesinə özü nəzarət edib və ittiham ona qarşı verilməlidir.
Hüseyn Abdullayev nə qədər sərt mövqedə olsa da, anası onun azadlığa çıxması üçün çalışır. Sonuncu məktub da Zeynəb Abdullayeva tərəfindən bu məqsədlə yazılmışdı. Lakin Hüseyn Abdullayev bu dəfə də eyni mövqe sərgilədi. Verdiyi sərt bəyanatla əfv üçün müraciət etmədiyini, bundan sonra da etməyəcəyini bildirdi.
Musavat.com Hüseyn Abdullayevin həbsxanadan göndərdiyi açıqlamanı təqdim edir: “Əziz soydaşlarım, bəziləri çirkin yollara əl ataraq ictimaiyyətdə belə bir fikir yaratmaq istəyirlər ki, guya Hüseyn Abdullayev əfv ərizəsi yazıb. Bildirirəm ki, bu fikirlər ucuz şayiədən başqa bir şey deyil və tamamilə ağ yalandır. Belə bir şey olmayıb və həyatım boyu da olmayacaq. Burada qalıb qan qussam da etməyəcəm. Ola bilsin ki, kimsə anamın yaşlı olmasından və mənim tezliklə azadlığa çıxmağımı arzu etməsindən sui-istifadə edərək ona saxta məzmunlu nəsə yazdırsın. Lakin bu cür hərəkətlər qətiyyən qəbuledilməzdir. Mən qanunsuz olaraq, siyasi motivlə həbsdəyəm”.
Əldə etdiyimiz məlumata görə, Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın yazdığı məktuba cavab olaraq bildirilib ki, əfv müraciətinə baxıla bilməz, çünki Hüseyn Abdullayev ağır cinayət törətmək ittihamı ilə 2018-ci ilin avqust ayında həbs edilib. O, ən azı aldığı 6 illik həbs cəzasının yarısını çəkməlidir. Bundan sonra əfv üçün müraciət edə bilər. Amma Hüseyn Abdullayevin bu mövqeyi ilə əfv ediləcəyi inandırıcı görünmür.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Anası Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.
İttihama görə, H.Abdullayev külli məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda suçlanır. Həmçinin H.Abdullayev dəfələrlə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə, onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməkdə günahlandırılıb.
Hüseyn Abdullayev ittihamlarla özünü təqsirli bilmir
Bu xəbər üçün şərh yazın