Hüseynqulu Bağırovun adının süni şəkildə hallandırılması hansı məqsədə xidmət edir? - MÖVQE
Bu gün bəzi internet informasiya vasitələrində keçmiş Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırovun adından istifadə etməklə süni şəkildə oxucu kütləsi yığmaq və “şok effekti” yaratmaq məqsədi ilə başlığı ilə məzmunu arasında heç bir əlaqəsi olmayan əsassız məlumatlar yayılıb.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mənimsəmədə təqsirləndirilən keçmiş əməkdaşları – Nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevin cinayət işi üzrə bu gün keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən İlqar Hacıyev dövlətə vurduğu ziyanı ödədəyini və bunu təsdiq edən sübutları məhkəməyə təqdim etdiyi halda bəzi kütləvi informasiya vasitələri bunu öz yazılarının başlığında keçmiş nazir dövlətə vurduğu ziyanı ödədi olaraq göstərmiş, beləliklə də mətnin məzmunu ilə başlığı arasında yerlə göy qədər fərq olan bir yazı ortaya çıxarıblar.
Kütləvi informasiya vasitələrində yayılan məlumatların həqiqəti əks etdirmədiyini, deyilənlərin qarayaxma və şər-böhtan olduğunu ictimaiyyətin nəzərinə çatdırmaqla bildirmək istəyirik ki, keçmiş nazirin vəzifədən azad edildiyi tarixdən (2018-ci ilin aprel ayı) sonra (2018-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları) törədilmiş cinayət əməllərinə görə özünü məsuliyyətdən kənarda qoymağa çalışan və bu məqsədlə də Hüseynqulu Bağırovu ağır cinayətlərdə ittiham edən, bu günki gündə dövlətə vurduğu ziyanı ödəyən İlqar Hacıyev barəsində H.Bağırov tərəfindən 07 sentyabr 2020-ci il tarixində xüsusi ittiham qaydasında şikayətlə Nəsimi rayon Məhkəməsinə müraciət edilmişdir. İş üzrə təqsirləndirilən İ.Hacıyev isə dövlətə vurduğu ziyanı məhz sabiq nazir H.Bağırov tərəfindən onun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edildikdən sonra ödəyib.
Belə olduğu təqdirdə, həqiqətləri təhrif etməklə, məqalənin məzmunu ilə başlığını əlaqələndirə bilməyən jurnalistlərə sual olunur: əgər dövlətə vurulmuş ziyan sabiq nazir tərəfindən ödənilirdisə o halda niyə sabiq nazir onu hansısa cinayətlərdə ittiham edən İ.Hacıyevi xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə vermişdir?! Barəsində böhtan dolu ittihamlar irəli sürülmüş sabiq nazir bu ittihamları səsləndirən İ.Hacıyevin barəsində xüsusi ittiham qaydasında cinayət işinin açılmasına dair şikayətlə məhkəməyə müraciət etdikdən sonra həmin şəxsin dövlətə vurduğu ziyanı ödəməsi hansı məntiqə sığır?!
Bu barədə Pravda.az-a Hüseynqulu Bağırovun hüquqi təmsilçisi Anar Rzayevin adından daxil olan açıqlamada qeyd olunub.
Açıqlamada daha sonra vurğulanıb: “Bir daha kütləvi informasiya vasitələrinin diqqətinə çatdırırıq ki, bundan sonra oxucu kütləsi yığmaq məqsədi ilə əsassız şəkildə məqalənin başlığında keçmiş nazir H.Bağırovun adını hallandırmaqla xal qazanmağa çalışan internet informasiya vasitələri barəsində müvafiq tələblə aidiyyəti məhkəməyə müraciət ediləcək”.
Bu xəbər üçün şərh yazın