Hüseynqulu Bağırovun işçiləri Şahdağ Milli Parkının sərhədlərini tanımır

Hüseynqulu Bağırovun işçiləri Şahdağ Milli Parkının sərhədlərini tanımır 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün gücsüzlüyünü göstərir.


Şahdağ Milli Parkının bir hissəsinin məmurlar tərəfindən zəbt olunması haqqında məlumata aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərərək İsmayıllı rayon Talıstan kəndindən bir neçə kilometr aralıda yerləşən Talıstan Forestpark İstirahət Mərkəzinin yerləşdiyi ərazinin Şahdağ Milli Parkına aid olub-olmadığına aydınlıq gətirilməsini istəmişdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğumuza verdiyi cavabı qeyd etmədən öncə bir daha Şahdağ Milli Parkı haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırmaq istərdik. 

 Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli, 1814 saylı sərəncamı ilə yaradılan Şahdağ Milli Parkının ilkin olaraq ərazisi 115,895 hektar təşkil etsə də, Nazirlər Kabinetinin 8 iyul 2010-cu il tarixli, 193/S nömrəli Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14,613.1 hektar genişləndirilərək 130,508.1 hektara çatdırılmışdır. Şahdağ Milli Parkına İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21,014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81,797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar daxildir. 

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.Bu vəzifənin icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulub.


Ancaq Şahdağ Milli Parkının əhatə dairsəinə düşən rayonlardan birindən, İsmayıllı rayonundan gələn məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu vəzifəsinin öhdəsindən gələ bilməməsi haqqında fikir yaradırdısa, Nazirliyin sorğumuza verdiyi cavab bu rəyi daha da gücləndirir. 


İsmayıllı rayon Talıstan kəndindən bir neçə kilometr aralıda yerləşən Talıstan Forestpark İstirahət Mərkəzinin yerləşdiyi ərazinin Şahdağ Milli Parkının ərazsinin zəbt edilmiş ərazi olub-olmaması haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdiyimiz sorğuya nəhayət cavab almışıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor vəzifəsini müvəqqəti icra edən İlham Şabanovun imzası olan 06/054 saylı, 30.01.2018-ci il tarixli cavab məktubu redaksiyamızın poçtuna daxil olub. Cavab məktubunda deyilir: "Məlumat üçün bildiririk ki, hazırda qaldırdığınız məsələ (İsmayıllı rayonu Talıstan kəndindəki "Forestpark İstirahət Mərkəzi”nin Şahdağ Milli Parkının ərazisini zəbt etməsi haqqında-müəl) ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş anoloji müraciətlərlə bağlı müvafiq dövlət orqanlarının əməkdaşları ilə birgə yerində araşdırma aparılır. Araşdırma tam başa çatandan sonra nəticəsi barədə əlavə məlumatlar təqdim edilə bilər”.

Departament Şahdağ Milli Parkının sərhədlərini tanımır 

 

Hörmətli oxucu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor vəzifəsini müvəqqəti icra edən İlham Şabanovun imzası ilə redaksiyamıza daxil olan bu məktub Nazirliyə 18 yanvar 2018-ci ildə daxil olub. Bizə göndərilən cavab məktubunda isə tarix 30 yanvar 2018-ci il göstərilib. Tam 12 gün ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakıdan 160 kilometr uzaqlıqdakı məsafədə yerləşən bir ərazidə Şahdağ Milli Parkının ərazisinin zəbt olunub-olunmadığına aydınlıq gətirə bilməyiblər. Belə təəssürat yaranır ki, Hüseynqulu Bağırovun işçiləri Şahdağ Milli Parkının sərhədlərini tanımır.Əgər tanısaydılar, əraziyə getmklə çox qısa zaman ərzində, yəni bir neçə saat ərzində həqiqətləri üzə çıxara bilərdilər. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizə 12 gündən sonra cavab verir və araşdırmanın aparıldığını xəbər verir. 

İsmayıllı rayonundan "Yeni Sözçü” qəzetinə Şahdağ Milli Parkının ərazisinin zəbt olunmasının üstünün ört-basdır edilməsinə cəhd edildiyi haqqında məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, Şahdağ Milli Parkının rəhbərliyi "Forestpark İstirahət Mərkəzi”nin sahibləri ilə birlikdə məsələnin üstünü ört-basdır etməyə çalışırlar. Ancaq onlar unudur ki, Şahdağ Milli Parkının ərazisinin "Forestpark İstirahət Mərkəzi” tərəfindən zəbt olunması haqqında məlumatlar ictimaiyyətin diqqət mərkəzindədir. İctimaiyyətin diqqətlə izlədiyi bu məqamın üstünün ört-basdır edilməsi mümkün olmayacaq.

Məsələ ondan ibarətdir ki, qəzetin daimi oxucularından olan ictimai fəal, Ağdam rayon Əfətli kənd sakini Yavər Nəsirov Şahdağ Milli Parkının ərazisinin "Forestpark İstirahət Mərkəzi” tərəfindən zəbt olunması haqqında məlumatın araşdırılması ilə bağlı Baş Prokuror Zakir Qaralova müraciət edib. Baş prokurorluq tərəfindən aparılan araşdırma isə həqiqətləri üzə çıxaracaq.

Şahdağ Milli Parkının ərazisinin zəbt olunması haqqında məlumatın bu günə kimi təkzib edilməməsi də iddianın həqiqət olması haqqında rəyi gücləndirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həqiqətləri üzə çıxara bilməməsi isə "Forestpark İstirahət Mərkəzi”nin sahiblərinin güclü himayəyə malik olması haqqında fikirlərin yaranmasına səbəb olur. Belə iddialar var ki, "Forestpark İstirahət Mərkəzi”nin izi Milli Məclisə kimi gedib çıxır. Belə ki, Milli Məclisin üzvü Eldar İbrahimovun yaxınlarından birinin "Forestpark İstirahət Mərkəzi”nin sahiblərindən biri olduğu iddia olunur. Bu məlumata aydınlıq gətirməyə, Milli Məclisin üzvü Eldar İbrahimovun mövqeyini öyrənməyə çalışacağıq. Şahdağ Milli Parkının ərazisinin "Forestpark İstirahət Mərkəzi” tərəfindən zəbt olunması haqqında məlumatla bağlı dövlət orqanlarında aparılan araşdırmanı da yaxından izləməyə çalışacağıq./Yeni Sözçü/

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi