I qrup əlilin sosial yardımı kəsilib –Pay torpağına görə
Yardımlı rayon sakini, Bakının Qaradağ rayonunda kirayədə yaşayan, I qrup əlilliyi olan Qaraşov İlkin Xanbaba oğlu ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın (ÜDYS) dayandırılmasından şikayətlənir.
Şikayətçi məktubunda ötən ilin mart ayında ÜDSY-nin vaxtının bitdiyini deyib.
Onun sözlərinə görə, yardımın yenidən verilməsi ilə bağlı lazımi sənədləri toplayıb aidiyyəti üzrə təqdim etsə də dəfələrlə imtina cavabı alıb:
“İki azyaşlı övladım var. Adımda torpaq sahəsi olsa da, əkinə yararsızdır və xəstəliyimlə əlaqədar məşğul ola bilmirəm. Aldığım pensiya da yalnız aylıq kirayə pulumu ödəyir. Ailəmdə isə qazanc gətirən başqa kimsə yoxdur”.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, adıçəkilən vətəndaşın ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı şikayəti araşdırılıb.
“Müəyyən edilib ki, İlkin Qaraşov torpaq pay sahibi kimi 2018-ci ildə sığortaedən kimi uçota alınarkən atası Xanbaba Qaraşov payçı ailə üzvü kimi uçota alınıb. 2019-cu ildə atası Xanbaba Qaraşov eyni çıxarış ilə uçota alınarkən bu dəfə oğlu, yəni İ.Qaraşov ailə üzvü kimi uçota alınıb. Yəni İ.Qaraşovun həm sığortaedən, həm də sığortaolunan kimi məlumatları aşkarlandığından sosial yardım dayandırılıb. Lakin sonradan X.Qaraşovun aidiyyəti qurumdan təqdim edilmiş məlumatları əsasında uçot məlumatlarında müvafiq yenilənmələr aparılıb, Xanbaba Qaraşova məxsus sığortaedən kimi SUN statusu ləğv olunub və bununla da uyğunsuzluq aradan qaldırılıb. Ona görə də vətəndaş ünvalı sosial yardımla bağlı yenidən müraciət edə bilər”,– qurumun cavabında bildirilib/Report.az
Bu xəbər üçün şərh yazın