İCRA BAŞÇISI QAZİYƏ SÜPÜRGƏÇİLİK TƏKLİF EDİB! - Öz oğlu isə 250 minlik maşında qəza törətmişdi...
Vətən müharibəsi qazisi İqbal Səfərov Pirallahı icra başçısı Vasif İmanovun ona “süpürgəçi” işləməyi təklif etdiyini bildirib.
Şuşa, Xocavənd və Füzulinin azad edilməsinə görə medalları ilə təltif edilən Səfərov İqbal Zülfəli oğlu Bakupost.az-a açıqlamasında qeyd edib ki, Səfərbərlik Xidmətindən vəzifəli şəxslər onu dəvət edərək yaşadığı yer üzrə Pirallahı Rayon İcra Hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin rəisi vəzifəsini təklif ediblər.
Pirallahı rayon icra başçısı Vasif İmanov da İqbal Səfərovu qəbul edərək sözügedən vəzifəyə təyin edəcəyini bildirib.
İ.Səfərov qeyd edir ki, bir müddət sonra həmin vəzifəyə başqa rayonda yaşayan zabitin təyin edildiyini öyrənib. İş üçün təkrar müraciət etdikdə isə icra başçısı ona rayonda süpürgəçilik etməyi təklif edib.
Bu arada qeyd edək ki, icra başçısı Vasif İmanovun adı bir neçə gün öncə oğlu Turan Həsənzadənin içkili vəziyyətdə qəza törətməsi hadisəsi ilə gündəmə gəlib.
Belə ki, həmin qəzada zərərçəkən Ağahüseyn İsgəndərov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, qəza zamanı avtomobilinə 30 min manat zərər dəyib və Turan Həsənzadə əvvəlcə bu məbləği ödəyəcəyini bildirsə də, sonradan sürücüsü qəzanı öz boynuna götürüb və ona ödəniş etməkdən imtina ediblər.
Hadisə martın 19-u gecə saat 01 radələrində “Port Baku”nun yaxınlığında olub.
A.İsgəndərov bildirir ki, həmin gün BMW markalı 90 LG 464 nömrəli avtomobilini “Bentley” avtomobil salonunun qarşısında park edib: “Gecə saatlarında “Mercedes GLS” markalı 90 AA 575 nömrəli avtomobil çox yüksək sürətlə gələrək mənim maşınıma dəyib. “Port Baku”nun mühafizəçiləri mənə zəng edib qəza haqda məlumat verdilər. Hadisə yerinə getdim, Turan Həsənzadə adlı şəxs idi, ağzından da spirt iyi gəlirdi. Dedi ki, “Brat, mən vurmuşam, mənim maşınım 250 min manatlıqdı, səninkini də, özümkünü də düzəltdirəcəyəm, polis çağırma”. Mən də razılaşdım, səhərə yaxın ona zəng edib dedim ki, polislər deyir maşını buradan götürün. Dedi mənim adamım gəlib həll edəcək”.
A.İsgəndərov əlavə edib ki, bir neçə saat sonra Elvin adlı şəxs hadisə yerinə gələrək avtomobili özünün idarə etdiyini iddia edib: “Mən də ona dedim ki, sən olmamısan. Amma mənim sübutum da var ki, hadisə yerində Turan olub. İndi də Elvin deyir ki, mən vurmuşam maşını, özüm də kasıb adamam, düzəltdirməyə pulum yoxdu. Sonra da başqa bir kişi gəlib dedi ki, maşının sahibi mənəm. Axırda iş sığorta şirkətinin üzərində qaldı. Şirkət də mənə 1500 manat pul təklif edir, amma maşınım yararsız haldadır, servisə apardım, dedilər 30-35 min manat xərci var”.
A.İsgəndərov deyib ki, Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur.
Turan Həsənzadə Qafqazinfo.az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı yol polisi araşdırma aparır: “Sürücü vurub, hər şey hüquqi müstəvidə həll olunur. Cəriməmiz nədirsə ödəyəcəyik”.
T. Həsənzadə “Həmin zaman avtomobili siz idarə etmisiz?”, - sualına cavab verməkdən imtina edərək əlaqəni kəsib.
A.İsgəndərov hadisə yerindən çəkdiyi fotoda da Turan Həsənzadənin orada olmasını qeyd edərək avtomobili Turanın sürdüyünü bir daha iddia edib.
Xatırladaq ki, icra başçısının oğlu olan T. Həsənzadə bir neçə gün öncə vəzifədən çıxarılan “Azərsu” sədri Qorxmaz Hüseynovun qızının əridir.
Bu xəbər üçün şərh yazın