İcra başçısı restoranında JURNALİSTİN ƏLİ SINDIRILDI - TƏFƏRRÜAT

İcra başçısı restoranında JURNALİSTİN ƏLİ SINDIRILDI - TƏFƏRRÜAT 

Sentyabrın 28-i axşam saatlarında "kanal 13" internet televiziyasının əməkdaşı Əvəz Hafizli Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənova məxsus olduğu iddia olunan "Dəyirman" restoranından canlı yayım edib.

Jurnalist canlı yayımda icra başçısına aid olduğu iddia olunan restoranda Vətən müharibəsinin bir ili tamam olduğu ərəfədə əyləncə məclisinin keçirildiyi qeyd edir.

Daha sonra, ərazidə çəkiliş aparan jurnalist Əvəx Hafizli restoran mühafizəçilərinin hücumuna məruz qalıb. Nəticədə, onun əli sındırılıb. Eyni zamanda, çəkiliş apardığı telefonu əlindən alınaraq sındırılıb.

Məsələylə bağlı "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovla əlaqə saxladıq. Əziz Orucov "Hürriyyət"ə açıqlmasında deyib ki, baş vermiş hadisəylə bağlı hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edilib. O əməkdaşının əlinin rentgen olunduğunu və bununla bağlı arayışlarının olduğunu qeyd edib:

"Yasamal rayon icra başçısı Elşad Həsənovun olduğu iddia olunan və açılışı olacaq restoranla bağlı məlumatımız oldu. Əmin olmaq istədik ki, restoran həqiqətənmi Elşad müəllimindir ya yox...Hər kimin restoranı olsaydı normal şəkildə çıxıb deyərdi ki, Elşad müəllimin deyil mənim restoranımdır. Hər halda jurnalistin əlini sındırmaq lazım deyildi...Əməkdaşımız çəkiliş edərkən onun əl sümükləri sındırılıb. Bundan əlavə, telefonu əlindən alınıb və yerə vurularaq sındırılıb. Sındırılan telefonu belə özünə qaytarılmayıb. Məsələylə bağlı polisə də müraciət edilib. Əməkdaşımızın əlinin sındırılmasıyla bağlı həkimdən arayışımız da var.

Əməkdaşımız hadisə baş verən zaman hüquq-mühafizə orqanlarının qaynar xəttinə birbaşa yığaraq məlumat verib. Daha sonra, polis əməkdaşlarından əraziyə gəliblər. Əməkdaşımız polis bölməsinə gedərək, yazılı sürətdə ərizə yazaraq şikayətini bildirib. Travmatologiyaya getdik və rentgen olundu. Məlum oldu ki, əlində sınıq və vətərlərin zədələnməsi var. Hadisənin təfərrüatları canlı yayımda qeydə alınıb. Artıq, sosial şəbəkələrdə də yayılıb. Çəkiliş gedən ərəfədə restoranın mühafizəçiləri əməkdaşımızın telefonunu əlindən alandan sonra, ona xəsarət yetiriblər. Əgər, restoran həqiqətəndə Elşad Həsənovun deyildisə, restoranın əsl sahibi çıxıb obyektin özünə məxsus olduğunu deyə bilərdi. Polis bölməsində yazılı müraciət etməyimizi istəyiblər. Yazılı müraciətimizi də etmişik. Hələki heç bir tədbir görülməyib.

Məsələnin maraqlı məqamı bundadır ki, hələ şəhid analarının gözünün yaşı qurumamış bu şəxslər müharibənin başlanmasının bir illiyində məclis təşkil edir. Anım günündə ölkə başçısı və xanımı əlində şəhidlərin plakatlarını tutub hərbçilərlə bir yerdə parad keçirir. Amma, xalqın və dövlətin mənafeyi üçün çalışmalı olan adam restoranında əyləncə məclisi təşkil edir. Görünür ki, onun işi kef məclisi təşkil etməkdən ibarətdir". //hurriyyet.az//



İcra başçısı restoranında JURNALİSTİN ƏLİ SINDIRILDI - TƏFƏRRÜATİcra başçısı restoranında JURNALİSTİN ƏLİ SINDIRILDI - TƏFƏRRÜAT
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi