İcra başçısı yüz minlərlə manatı bu qalmaqallı şirkətə verdi
Hacıqabul Rayon İcra Hakimiyyəti Hacıqabul şəhərində abadlıq işləri və mənzil fondunun əsaslı təmiri üzrə satınalma müsabiqlərinə yekub vurub. Manset.az xəbər verir ki, hər iki müsabiqənin qalibi “İnşaatçı-S” MMC olub.
İcra hakimiyyəti abadlıq işlərinə görə şirkətə 203 895.93 AZN, mənzil fondunun əsaslı təmirinə görə isə 57 565.05 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd olunur ki, “İnşaatçı-S” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Hacıqabul şəhəri, Nizami Gəncəvi küçəsi, ev 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Samir Ramis oğludur.
Açıq mənbələrdə qanuni təmsilçi sayılan Samir Qasımov barəsində hər hansı məlumat yoxdur.
Lakin araşdırmalar zamanı məlum olur ki, şirkət Hacıqabulun keçmiş icra başçısı Əhməd Muxtarovun nəzarətində olub. Əhməd Muxtarov 2006-cı ildən 2019-cu ilə qədər adıçəkilən rayona rəhbərlik edib. Onu keçmiş deputat Rüstəm Xəlilov əvəzləyib. Görünür, Hacıqabulun yerli rəhbərliyinin tender oyunlarında “İnşaatçı-S” MMC əvəzedilməz şirkətdir. Ona görə Rüstəm Xəlilov da bu şirkətlə işləməyə üstünlük verib.
Mediada gedən məlumatlardan aydın olur ki, 2015-ci ildə Hesbalama Palatası Hacıqabul Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Yoxlamalar rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitləri əhatə edib. Həmin məlumatlarda iddia olunurdu ki, rayonda gedən abadlıq-quruculuq işlərində də icra başçısına yaxınlığı ilə seçilən bir şirkət büdcə talançılığında iştirak edib. “İnşaatçı-S” MMC Əhməd Muxtarovun növbəti tenderdə qalib elan etdiyi şirkət kimi yüz minlərlə manat mənimsəyib.
Bu xəbər üçün şərh yazın