“İki həftə içində ABŞ-la anlaşmasaq, planımızı tətbiq edəcəyik” – Ərdoğan
Türkiyə, Rusiya, İran prezidentlərinin Ankarada keçirilən Suriya Zirvə görüşü başa çatdıqdan sonra hər üç lider mətbuat konfransı keçirib.
Zirvə görüşünün nəticələri haqqında məlumat verən Rəcəb Tayyib Ərdoğan deyib ki, hər 3 ölkənin məqsədi Suriyanın ərazi bütövlüyünün qorunması, bölgədə sabitliyin bərpası, münaqişənin həll yollarının tapılmasıdır. Zirvə görüşündə Suriyadakı siyasi keçid prosesi, ölkədə yaradılacaq Konstitusiya Komissiyası ilə bağlı nəticələr, Suriyadakı təhlükəsiz bölgənin yol xəritəsi, qaçqınların evlərinə qayıtması və ölkədəki dağıntıların bərpası mövzularının hərtərəfli müzakirə olunduğunu deyən Türkiyə prezidenti suriyalılar üçün yaxın gələcəkdə uğurlu addımların atılacağına əmin olduğunu deyib.
R.T.Ərdoğan deyib ki, Türkiyə Suriya ilə sərhədində terrorun kökünün kəsilməsi üçün bütün səylərini davam etdirməkdə israrlıdır: “Suriyada təhlükəsiz bölgə mövzusunda ABŞ-la 2 həftə içində anlaşmamız olmasa, Türkiyə öz hərəkət planını tətbiq edəcək”.
İran prezidenti Həsən Ruhani deyib ki, hər üç ölkənin rəhbəri Suriya ilə bağlı əksər məsələdə eyni fikirdə olduğu qənaətindədir. ABŞ-ın Suriyada terrorçuları dəstəklədiyindən və bunun qəbulolunmazlığından danışan Həsən Ruhani İdlibdə terror qüvvələrinin daha da gücləndiyini vurğulayıb və buna qarşı birgə mübarizənin önəmindən danışıb. O, Fərat çayının şərqində ABŞ-ın nəzarətində terrorçuların vüsət aldığını və bu məsələdə məqsədin Suriyanı parçalamaq cəhdləri olduğunu deyib.
Vladimir Putin Suriya üçün Konistitusiya Komitəsi ilə bağlı fəaliyyətin sürətlənməsinin önəmindən danışıb. Hər üç ölkənin Suriyanın ərazi bütövlüyünün dəstəklənməsində həmfikir olduğunu deyən Rusiya prezidenti İdlibdə gərginliyin azaldılması üçün əlavə addımların atılacağını deyib. O, İdlib müqaviləsinin terror təşkilatları ilə heç bir əlaqəsi olmadığını bildirib.
Bu xəbər üçün şərh yazın