“İnam Kərimov Fransaya getməkdənsə…” –Ekspert yeni nazirin fəaliyyətini tənqid edir
Kənd təsərrüfatı naziri İ.Kərimov Fransada işgüzar səfərdədir. Nazirliyin bu gün, fevralın 22-də yaydığı məlumata görə, İ.Kərimov heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativində olub.
AURİVA-nın rəhbəri Brüno Punt kooperativin fəaliyyəti ilə bağlı təqdimat edib. O, kooperativin süni mayalama yolu ilə yetişdirdiyi 14 cinsdən olan damazlıq buğalar haqqında ətraflı məlumat verib. Bildirib ki, süd və ət məhsuldarlığına görə yetişdirilən bu cinslər müxtəlif iqlim və temperatura dözümlüdür.
«Tərəflər hər iki ölkənin ekspertlərinin birlikdə tədqiqat aparmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı texniki tərəfdaşlığın inkişafının vacibliyini qeyd ediblər», – açıqlamada yazılıb.
«Azərbaycanda heyvandarlığın problemi cins mal-qaranın olmamasında deyil. Belə mal-qara ölkədə var. Problem ölkədə mal-qara üçün yetərli yem bazasının olmamasındadır».
Bunu kənd təsərrüfatı naziri İnam Kərimovun Fransaya səfərini dəyərləndirən ekspert Vahid Məhərrəmli deyib.
«Nazir Fransaya getməkdənsə, ölkənin rayonlarını, kəndlərini gəzməli idi, öyrənməli idi ki, indi ölkədə nə qədər yem istehsalı potensialı var», – deyə o vurğulayıb.
O deyib ki, Azərbaycan böyük vəsait xərcləyərək süni mayalanma müəssisəsi yaradıb, amma nəticə yoxdur.
«İndi də vəsaitləri xərcləyib cins mal-qara gətirəcəklər, yenə də xalqa lazım olan nəticə alınmayacaq. Səbəb də budur ki, problemi problem olan yerdə yox, problem olmayan yerdə axtarırlar», – V.Məhərrəmli bildirib.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan 7.023 mln. ABŞ dolları dəyərində 5.043 min ton ət idxal edib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin statistik göstəricilərində yer alıb. Statistik göstəricilərin təhlilinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2.589 mln. dollar (58 faiz) və 2.032 min ton (67 faiz) çoxdur.
Kənd təsərrüfatı ekspertləri bunu, əsasən, son illərdə Azərbaycanda pambıq sahələrinin artırılması ilə bağlı otlaq yerlərinin azalması ilə izah edirlər.Strateq.az
Bu xəbər üçün şərh yazın